İlaxır çərşənbələr: əsrlərin-nəsillərin gənc yaddaşı. Aydın Xan Əbilov


İlaxır çərşənbələr


Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində ilaxır çərşənbələr və ya ilin axır çərşənbələri anlayışları yaranıb müqəddəsləşmişdir. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri «dirilmiş» bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi. Günübugün də həmin təmtəraqlı mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.

Ayrı-ayrılıqda «Su çərşənbəsi», «Od çərşənbəsi», «Yel çərşənbəsi» və «Torpaq çərşənbəsi» adlandırılan «İlaxır çərşənbələr» insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı. İlaxır çərşənbələrdə əsrlər ötdükcə insanın birgəyaşayışı və xoşbəxtliyi üçün xüsusi, son dərəcə əsas olan dünyagörüşlər yaradılırdı. Bu dünyagörüşlər isə adamları çox pis və zərərli niyyətlərdən, şər əməllərdən – oğurluqdan, riyakarlıqdan, əxlaqsızlıqdan, təkəbbürlülükdən, paxıllıqdan, başqasının var-dövlətinə göz dikməkdən çəkindirir, onları halal zəhmətə çağırır, insanlarda əməyə, torpağa dərin məhəbbət aşılayırdı. Novruz ayin və etiqadlarında ədalətə, mərhəmətə, rəhmə, sevgiyə böyük ehtiram var. İlaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlərin il boyu insanın köməyinə gəldiyi barədə inam bu gün də qalır. Bu çərşənbələrin hər biri əcdadlarımızın əziz etiqadları, duyğuları ilə bağlıdır: onları öz dünənimiz, keçmişimiz kimi bilməyə, əməl etməyə hamımız borcluyuq. Etnoqrafik qeydlərə nəzər salanda, ilaxır çərşənbələr barədə maraqlı məlumatlarla rastlaşırıq. Onların bəziləri ilə yaxından tanışlıq maraqlı nəticələr əldə etməyə imkan yaradır.

Su şərşənbəsi


Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi «Əzəl çərşənbə» kimi tanınırdı. Xalq arasında ona təzə «doğulan», yeni gələn, «Əvvəl çərşənbə», «Su çərşənbəsi», «Gül çərşənbəsi» də deyirlər. Qədim inamlara görə, əzəl çərşənbədə təzə ilin gəlişi münasibətilə ən əvvəl su təzələnir. Elə buna görə də bu çərşənbə su ilə, suyun təmizlənməsi ilə əlaqələndirilir. Əzəl çərşənbə suya tapınma inamı ilə başladığına görə, bütün insanlar hələ gün doğmamışdan çay, arx, bulaq, yaxud çeşmə üstünə getməli, axar suda əl-üzünü yumalı, bir-birinin üzünə su çiləməli, su üstündə atdanmalı, yaralıların, xəstələrin üstünə su səpməlidirlər ki, il boyu sağlam olsunlar. Çünki əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu bütün dərdlərin dərmanı hesab olunur. Bu vaxt buğdadan səməni qoymaq da vacib sayılır.
Su falı: Su çərşənbəsində sübh tezdən gedib axar sudan – bulaqdan, çaydan, arxdan «lal su» gətirirlər: suyu evə gətirənə qədər heç kimlə bircə kəlmə də kəsmək olmaz. Onu bir neçə piyaləyə töküb saxlayırlar. Axşam qızlar yığışırlar, hərə öz baxtına üzüyünü saçına sürtüb həmin piyalədəki suya salırlar. Üzük piyalənin divarına toxunub cingildəyir. Üzük neçə dəfə cingildədisə, deməli, onun sahibi olan qız həmin sayda ildən sonra gəlin köçəcək…

Od çərşənbəsi


İlaxır çərşənbələrdən ikincisi olan bu çərşənbəyə bəzən «Üsgü çərşənbə», «Üsgü axşamı», yaxud da əzizləmə mənasında «Addı çərşənbə» də deyilir. Od çərşənbəsi əski inamlara bağlı olub günəşə, atəşə, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüştlükdən çox-çox əvvəllər də insanlar inanırdılar ki, odu, günəşi əzizləsələr, oxşasalar, təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər. Bu çərşənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunurdu. Yazın istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Səhər gün doğanda qurbanın – kəhər atın başını kəsərdilər ki, adamlara, elə-obaya xoşbəxtlik, səadət gəlsin.
İnanclardan nümunələr: Ocaq yananda səslənirsə, demək, kimsə sənin sözünü danışır… Ocağa yanaşanda salam ver, baş əy… Ocağın tüstüsü üstünə gəlsə sevgilin gözəl olar… Gün doğanda anadan olan uşaq göyçək, ya da pəhləvan olar… Çıraq yandıranın çırağı sönməz olar….

Yel çərşənbəsi


El içində Yel çərşənbəsini «küləyi oyadan», «yelli», «Heydər» çərşənbəsi də adlandırırlar. Etiqada görə, bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi qəbul edilir. O, lazım gələndə, insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Odur ki, külək və yelin şərəfinə üçüncü çərşənbədə böyük mərasim keçirirlər.
Şifahi xalq ədəbiyyatında bu ilaxır çərşənbəylə bağlı çoxsaylı poeziya nümunələrinə rast gəlirik. Məsələn:
Yel əsər, toz qoparar, Ağacdan qoz qoparar. Yellə gələn bəlanı, Yel özü də aparar…

Torpaq çərşənbəsi


Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu hesab olunur və xalq arasında «İlaxır çərşənbəsi», «Yer çərşənbəsi», «Torpaq çərşənbəsi», «Çərşənbə-suri» kimi də tanınır. Bu çərşənbədə yer oyanır, torpaqda su, istilik və hava normallaşır, beləliklə, yaz əkininə artıq başlamaq olar. Axır çərşənbə ilaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklər ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd edilirlər. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atdanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözlərə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bəzi bölgələrdə axır çərşənbədə süfrəyə ət və toyuq əvəzinə ancaq balıq verirlər. Bütün ilaxır çərşənbələrdə əsasən yeniyetmə və gənclərdən ibarət xüsusi musiqiçilər dəstəsi axşam qaranlıq düşəndən sonra ev-ev, oba-oba gəzir, çalıb-oxuyurlar. Bir çox hallarda oğlan uşağına qadın paltarı geyindirir, keçəl və kosayla birgə evləri gəzərək çalıb-oynayır, insanların əhval-ruhiyyələrini yüksəldirdilər. Bəxşiş, hədiyyə yığmaq, qurşaq atmaq indi də dəbdən düşməyib…
Səməni halvası: Axır çərşənbədə birinci çərşənbədə qoyulan buğdadan göyərmiş səməni təknədə döyülür, suyu çıxarılır və ondan səməni həlimi ilə səməni halvası bişirilir. Bir çox yerlərdə səməni həlimi çərşənbə günü yeddi qapıya paylanılır. Səməni suyundan bişirilən bayram halvası isə çox dadlı və xeyirli hesab edilir. Bunların hər ikisi axır çərşənbənin ən ləziz təamları sayılır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir