Azərbaycan estradasının əfsanəsi, 750 mahnı ifa etmiş unudulmaz Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?

Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Dünən bu barədə mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəranda anadan olub. O, 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. 

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub.

Yalçın Rzazadə “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.

Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi.

Allah rəhmət eləsin!

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib.

Başsağlığı məktubunda bildirilir:

“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. 

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.

Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib. 

Tədbir Xalq artistinin Yasamal rayonu ərazisində yerləşən evində baş tutub. 

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib. 

Vida tədbiri soyuq təşkil olunmağı ilə diqqət çəkib.  Hətta, Mədəniyyət Nazirliyi Xalq artisti ilə vidaya öz nümayəndəsi ilə bir çələng belə göndərməyib. 

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb. Mərhumun oğlu, əvvəlcə atasının dəfn yeri ilə bağlı konkret bir qərar olmadığını, Mədəniyyət Nazirliyindən cavab gözlədiyini desə də, daha sonra məclisə dəvət edilmiş din xadimi Y. Rzazadənin vəsiyyəti əsasında Lənkəranda dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, 74 yaşlı sənətkar ötən gün vəfat edib. 

Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə bu gün Lənkəran rayonunun Liman qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Maraqlıdır, Yalçın Rzazadə kimi adlı-sanlı sənətkar niyə Bakıdakı İkinci Fəxri xiyabanda deyil, Lənkəranda dəfn edilib.

Bu barədə Modern.az-a danışan mərhumun oğlu Mətin Rzazadə deyib ki, Lənkəranda dəfn olunmağı sağlığında sənətkarın özü istəyib – yəni bu, mərhumun öz vəsiyyəti olub.
 
“Yalçın müəllimin ata-anası, qardaşı Lənkəran rayonunda dəfn olunduğuna görə, özü də rada torpağa tapşırılmağı vəsiyyət etmişdi”.

Mətin Rzazadə atasının onunla bağlı arzusundan da söz açıb:

“Atam məni öz davamçısı kimi görürdü. Təxminən bir həftə əvvəl gecə mənimlə əlaqə saxladı. 70-ci illərdə ifa etdiyi bir neçə mahnısının yeni aranjimanda ifa etməyimi istədi.

Onu da qeyd edim ki, Yalçın müəllimin 750-dən çox mahnısı var və mən hamısını əzbər bilirəm. Amma mənə dediyi mahnıları ilk dəfə eşidirdim”.

Müğənni Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir