Aydın Xan Əbilov: “Azərbaycanda müxtəlif bayramların və Sevgililər Gününün keçirilməsini normal qarşılamalıyıq”

Fevralın 14-ü dünyanın bir sıra ölkələrində Sevgililər günü kimi qeyd olundu. Azərbaycanda da bu günü bayram kimi qeyd edənlər var. Bu dəfə də müşahidə etdik ki, ötən 14 fevral tarixində xeyli sayda insan bu günü xüsusi olaraq keçirdi, hansı ki, onların arasında məşhurlar da var idi.

Lakin bu günü bayram kimi qeyd edənlər qədər ona qarşı çıxan, boykot çağırışı edənlər də çox oldu. Bunu da onunla, əsaslandırdılar ki, Azərbaycan müharibədən yenicə çıxıb, yaralarını hələ tam sarımayıb, xeyli sayda şəhid ailələri, gözü yaşlı analar, sevdiyini, nişanlısını, ərini itirən qadınlar var. “Bütün bunların fonunda Sevgililər Günü keçirməyə nə gərək vardı?” deyə fikir səsləndirənlər oldu. Başqa bir kəsim isə 14 fevral Sevgililər və yaxud Müqəddəs Valentin gününün xristianlıqdan qalma, xalqımızla, dinimizlə, mədəniyyətimizlə heç bir əlaqəsi olmayan bayram kimi dəyərləndirdi.

Bəs 14 fevral Sevgililər gününün tarixçəsi necədir? Tanınmış ictimaiyyət nümayəndələri bu bayramın ölkəmizdə də qeyd edilməsinə necə münasibət bəsləyir?

Məlumata görə, bu bayramın tarixi hələ 1500 il əvvələ gedib çıxır və əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır. Mənbələrin birinə görə, Roma imperatoru ölkəsini öz qanunları ilə idarə edən qəddar imperator ll Kladius ordu üçün savaşan əsgər tapmaq üçün evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub.

Valentin adlı rahib isə özü kimi rahib olan Mariusla birlikdə gəncləri gizli olaraq evləndirib. Bundan xəbər tutan imperator 269-cu ildə Valentini edam etdirir. Onun bu əməli müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu gün, fevralın 14-ü “Müqəddəs Valentin günü” kimi tarixdə qalır.

Başqa mənbələrə görə isə fevralın 14-də romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə birlikdə olurdu. Onlar bütün bayram boyu bir-birilərindən ayrılmırdılar. Beləliklə, kütləvi əxlaqsızlıq bayramı keçirilirdi. İmperator bunu qadağan etsə də rahib Valentin iyrənc adəti bərpa edərək gizli şəkildə qız və oğlanları qeyri-qanuni görüşdürməkdə davam edib. Bu səbəbdən imperator ll Kladius  rahibi həbs edir və kütləvi əxlaqsızlıq keçirilən həmin gündə, yəni fevralın 14-də rahibi döydürərək təhqiramiz formada edam etdirir.

Tarixdən o da məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” sözlərindən ibarət məktublar yazıb. İki əsr sonra 496-cı ildə Papa Helasiusun dövründə rahib Valentin kilsə tərəfindən müqəddəs elan olunur və fevralın 14-ü Valentin günü kimi qeydə alınır. Beləliklə Papa Helasius əxlaqsızlığı rəsmiləşdirir. Yalnız 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq “Müqəddəs Valentin günü” bayramının keçirilməsini məsləhət görmür.

Artıq uzun illərdir ki, bir çox Qərb ölkələri “Müqəddəs Valentin günü”nü keçirmir və yaxud səthi yanaşır. İordaniyada, Malayziyada, Pakistanda, Türkmənistanda, Qazaxıstanda, Səudiyyə Ərəbistanda bu bayramın keçirilməsi ümumiyyətlə qadağan olunub. Xristian ölkəsi olan Rusiyada, eləcə də Almaniyada bu bayrama o qədər də isti yanaşılmır.

Azərbaycana gəldikdə isə 2003-cü ildən başlayaraq “Sevgililər günü” 30 iyunda keçirilir. Bu tarix isə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü – 30 iyun tarixi Azərbaycanda “Sevgililər günü” kimi keçirilir. Bu təklifi 2003-cü ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı irəli sürüb.

Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansı və YYSİB sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb:

“Əslində qloballaşma, İnternet dünyanı bizim ovcumuzun içinə gətirib çıxardır. Bu baxımdan insanlarımızın dünya bayramlarını Azərbaycanda qeyd etməsini bir kulturoloq, düşüncə adamı olaraq, yüksək dəyərləndirirəm. ”Sevgililər günü xristianlıqdan qalan bir bayram olduğu üçün qeyd etməməliyik” deyən insanların fikrinə hörmətlə yanaşsam da, bunun yanlış bir fikir olduğu qənaətindəyəm. Ona qalsa onda İsa peyğəmbərin mövlud günü olan Yeni ili də qeyd etməməliyik. Və  yaxud dünyada bir çox bayramlar var ki, onların fəlsəfəsinə diqqət edəndə görürk ki,  ya xristianlığın, ya İslamın, ya atəşpərəstliyin dini ilə bağlıdır və bütün dünya bunu qəbul edib.

Aydın Əbilov: ile ilgili görsel sonucu

Aydın Xan Əbilov: “Azərbaycanda müxtəlif bayramların keçirilməsini normal qarşılamaq lazımdır”

“Şəhidlərimizin olduğu bir vaxtda Sevgililər gününün qeyd edilməsi doğru deyil” fikirləri ilə bağlı da mövqeyimiz var. Şəhidlərin sevgisi Vətənə idi və onlar Vətənə olan sevgisini, eşqini Qarabağda qələbə çalmaqla, torpaqlarımızı geri qaytarmaqla nümayiş etdirdilər. Əslində bunu onların Vətənə olan sevgi bayramı kimi də qeyd edə bilərik. Artıq şəhidlər tarixə qovuşublar və onların vəfatını, bizimlə birgə olmamasını ağlamaqla deyil, məhz hər zaman bayramla qeyd etməliyik, həmişə də insanlarımızı, gənclərimizi ideoloji cəhətdən vətənpərvər hazırlamalıyıq ki, zamanı gələndə dövlətin Vətən üçün verdiyi əmri yerinə yetirsinlər, torpaqlarımızı qorusunlar.

Nəinki Sevgililər günü və yaxud müxtəlif dini bayramlar, mən onun tərəfindəyəm ki, dünyanın müasir sivilizasiyanın mərkəzi olmasına, müxtəlif sivilizasiyaları dinləri, mədəniyyətləri özündə birləşdirdiyinə görə Azərbaycan da dünyanın istənilən, əlbəttə ki, bizim milli-dəyərlərimizə yad olan günləri çıxmaq şərtilə, xüsusi günləri, bayramları qeyd etməlidir. Çünki biz özümüzü dünyanın düşüncə mərkəzlərindən biri kimi hiss edirik və belə də qəbul edirlər. Çünki razılaşaq, artıq humanitar formlar, mədəniyyətlərarası dialoq tədbirləri, Avroviziya, Avropa Oyunları, İslam Oyunları ölkəmizdə keçirilməsəydi, Qarabağ müharibəsini başlayanda bizə dünya ölkələri, qüvvələri, beynəlxalq təşkilatlar həmin an mane ola bilərdi. Amma biz dünyaya sərhədlərimizi açdıq, dünyanı dəvət etdik, ərəblərdən tutmuş Avropa turistlərinə, beynəlxalq təşkilatların nümayəndələrinə qədər hər kəsi çağırıb, göstərdik ki, Azərbaycan modern, dünyəvi dövlətdir və dünyanın aparıcı düşüncə estetik mərkəzlərindən biri olmağa iddialıdır. Bu baxımdan da Azərbaycanda müxtəlif bayramların keçirilməsini normal qarşılamaq lazımdır.

Əgər bunu qısqanıb, “Bu bizim deyil, xristianların bayramıdır” deyənlər varsa, onda biz niyə Novruz bayramını YUNESKO-da və BMT-də qeyd etdirməyə və Novruz bayramının Azərbaycanın daşınmaz qeyri-maddi sərvəti elan edirik? Onda YUNESKO-da və yaxud BMT-də olan xristian ölkələri də deyə bilər ki, biz niyə onda Novruz bayramını və Orucluq bayramını birlikdə qeyd edirik?

Hesab edirəm ki, bayramlar və əlamətdar günlər bəşəriyyəti və dünyanı birləşdirməlidir və bu baxımdan gənclərin böyük hissəsinin məntiqli olaraq hər bir bayramı Azərbaycanda xüsusi qeyd etməkləri, eyni zamanda ictimai-sosial, mədəni düşüncəyə təsir vasitəsi olaraq, insanların daha humanistləşməsi, daha mədəniləşməsinə yönəlməsi çox normal haldır və onları biz dəstəkləməliyik”.

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirdik ki, son 10 ildə Azərbaycanda çox təsadüfi halda 14 fevralı Sevgililər günü kimi qeyd edənlər olur:

“Azərbaycanda artıq 30 iyun Sevgililər günü kimi qeyd olunur.

Tənzilə Rüstəmxanlı: ile ilgili görsel sonucu

Tənzilə Rüstəmxanlı: “O günü qeyd edənlər nəzərə alsınlar ki, yenicə müharibədən çıxmışıq və bu ölkənin acıları, yaraları hələ sağalmayıb”

Lakin bir sıra dünya ölkələri 14 fevralı bayram kimi qeyd edir və bizdə də kiminsə həmin günü bayrama qoşulmasına sədd qoymaq olmaz. Amma unutmaq olmaz ki, Azərbaycan ən böyük sevgisinə, Qarabağına qovuşub və bu ən böyük sevgidir. Bütün bunların içində bizim şəhidlərimiz, gözü yaşlı şəhid analarımız var. Bunları nəzərə almaq lazımdır.

Mənim yubiley yaşım müharibə dövrünə düşdü və çevrəmdəki heç bir insana icazə vermədim ki, bunu qeyd etsin. Çünki ziyalı kimi borcumuzdur ki, indiki dövrdə daha həssas, diqqətli olaq. Əlbəttə ki, daimi qara geyinib, gəzməyəcəyik, bütün acıların bir sonu olur. Şəhdlərimiz təkcə valideynlərinin deyil, hər birimizin övladıdır. Onların acısını hər birimiz qəlbimizdə yaşayırıq.

Ona görə də hesab edirəm ki, nəyisə qabartmağa, həddindən artıq göstərməyə ehtiyac yoxdur. O günü yaşamaq istəyənlər yaşasın, amma nəzərə alsınlar ki, yenicə müharibədən çıxmışıq və bu ölkənin acıları, yaraları hələ sağalmayıb”.

Aqşin Evrən ile ilgili görsel sonucu

Aqşin Evrən: “İstənilən müharibədən, fəlakətdən sonra sevgiyə istinad edən aktların ortaya çıxması zəruridir”

Şair Aqşin Evrən isə məsələyə bu cür mövqe bildirdi: “Azərbaycan tarixinin ən məşhur sevgi filmi ”Təhminə” Xocalı soyqırımından bir qədər sonra, Qarabağ müharibəsinin davam etdiyi, şəhidlər verdiyimiz, rayonlar itirdiyimiz bir dövrdə çəkilib, nümayiş olunub. Hamı da baxıb, bəyənib, hələ də baxanlar var. Əvvəllər düşünürdüm ki, Qarabağda o boyda dəhşətlərin yaşandığı bir vaxtda necə rahatlıqla belə film çəkmək olar? Düşünürdüm ki, həmin dövrdə yalnız Qarabağla bağlı filmlər çəkilməli idi. Amma dərindən analiz edəndə gördüm ki, “Təhminə” filmi 90-ların postmüharibə dönəmində cəmiyyətin üstünə çökmüş qara dumanın dağıdılmasında rol oynayan işlərindən biri olub. Şəxsən mən özümdə və bu barədə söhbət etdiyim bir neçə nəfərdə bunu müşahidə etmişəm. Deməyim odur ki, istənilən müharibədən, fəlakətdən sonra sevgiyə istinad edən aktların ortaya çıxması zəruridir.

Şəhid ailələri məsələsinə gəldikdə isə biz onların sosial qayğılarının həlli üçün müəyyən dairələri boykot etməliyik, “Sevgililər günü”nü yox. Əmin olun, şəhidlərimizi onların ailələrinə olan diqqət maraqlandırardı, hansısa Ayka ilə Fedyanın “Valentin”i qeyd etməsi deyil. Biz ağır və tarixi bir müharibədən qələbə ilə çıxmış bir ölkəyik, cəmiyyətik. İtkilərimizə görə hələ də canımız yanır, hələ də şəhidlərimizin videoları ilə yaşayırıq. Amma ömrüboyu matəm saxlasaq, nə öz övladlarımıza, nə də şəhidlərimizin övladlarına normal cəmiyyət miras qoya bilmərik. İndi Qələbəmizi möhkəmləndirmək üçün şəhidlərimizin ailələrinə, yaralılarımıza və hərbçilərimizə dövlət dəstəyinin tam təmin olunmasına çalışmalıyıq. Və xalq olaraq bir-birimizə daha böyük sevgi, hörmət, qayğı ilə yanaşmalıyıq”.

Ağ Partiya sədri Tural Abbaslı isə “Müqəddəs Valentin günü”nə qarşı çıxanlardan biri olduğunu dedi:

“Ümumiyyətlə, hər bir millətin tarixində, həyatında  bayramlar və yaxud matəmlər, yəni xüsusi günlər var. Bəzən bu günlər simvollara çevrilir və xalqların mədəniyyətinin formalaşmasında bu və ya digər formada iştirak edir. Bu baxımdan bayramlar, xüsusi günlər məsələsinə heç də narazı baxmıram. Bu məsələlər ciddi yanaşılmalı  və həssas münasibət bildirilməli məsələlərdir.

Tural Abbaslı: ile ilgili görsel sonucu

Tural Abbaslı: “Biz niyə hansısa millətin mədəniyyətinin məhsulunu qeyd etməliyik?”

Hər millət çalışmalıdır ki, özünə xas, öz milli dəyərlərini özündə ehtiva edən, öz tarixinə söykənən xüsusi günləri qeyd etsin. Əks təqdirdə, qeyri-millətlər xalqlara, qeyri-mədəniyyətlərə aid olan xüsusi günləri qeyd etməklə həm özündən ayrılır, həm də başqasının pis kopyasına çevrilir, həm də millət olaraq tam formalaşa bilmir. Odur ki, bu Sevgililər günü məsələsinə tənqidçi yanaşan kəsimə aidəm. Ona görə yox ki, sevgililər günü olmamalıdır, sevgi hər gün olmalıdır və sairə. Qoy sevgililərə aid bir gün olsun, amma o bizim milli tariximizə, real faktlara söykənən tarix olsun. 

Valentin tarixdə olub, ya olmayıb, onun necə tarixçəsi olub, bu haqda bir neçə versiyalar var. Biz niyə hansısa millətin mədəniyyətinin məhsulunu qeyd etməliyik?

Bizdə 30 iyun var, xalqın, millətin azadlığı uğrunda canından keçən bir qəhrəman igidimiz və onu itirdiyinə görə canından keçən xanımı var, bu artıq  real tarixdir. İlham və Fərizənin evlilik günü var, onu qeyd edək.

Həmçinin biz müharibədən yenicə çıxmış millət olaraq daha diqqətli olmalıyıq. Əlbəttə ki, bütün günü matəm saxlayıb, müharibədən danışmaq da olmur. Amma hər halda, nəyisə qeyd edəndə  daha diqqətli, şəhid ailələrini nəzərə alaraq, onun hissiyyatına dəyməyəcək dərəcədə keçirməyin tərəfdarıyam.

Beləliklə, Azərbaycanda 14 fevralın Sevgililər günü kimi qeyd olunmasının əleyhinəyəm. Bizim 30 iyunumuz var. Qoy biz dünyaya tarix təqdim edək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir