“Region ölkələrinin heç birində “Baron” şirkətinin istehsal etdiyi radar sistemi yoxdur”
Şamaxı və Göygöldə radarların əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək.
“Meteoroloji radarlar vahid milli hidrometeoroloji sistemin qurulmasında əsas mərhələdir. Radarların seçilməsi və onların yerlərinin müəyyənləşdirilməsində Azərbaycanın dağlıq ərazilərə malik olduğu nəzərə alınıb, keyfiyyətli əkslərin alınması üçün daha optimal variantlar tədqiq edilib. Şamaxı və Göygöldə radarların əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək”.
Radarların keçirilən açıq tender nəticəsində ABŞ-ın meteoroloji radarların istehsalçısı olan dünya şöhrətli “Baron” şirkətindən seçildiyini vurğulayan nazir müavini bu avadanlıqla işləyə bilən mütəxəssislərin artıq hazırlandığını da bildirib:
“Baron”un istehsal etdiyi Gen3 350C DP radarları Lynx təminat proqramları ilə birgə dünya bazarında qabaqcıl texnologiya hesab edilməklə, ABŞ, Kanada və bir sıra digər ölkədə istismar edilir. Təkcə ABŞ-da “Baron” şirkətinin istehsal etdiyi 171 ədəd radar quraşdırılıb.
Milli hidrometeorologiya xidmətinin mütəxəssisləri ABŞ-ın Alabama ştatının Xantsvill şəhərindəki istehsalçıların yanında 2 həftəlik təlim keçiblər. Bundan əlavə, bizim mütəxəssislər radarların quraşdırıldığı yerdə və Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemdə 20 günlük təlim keçəcəklər. Təlimlər ABŞ mütəxəssisləri tərəfindən keçiriləcək. Bizim region ölkələrindən heç birində “Baron” şirkətinin istehsal etdiyi radar sistemi yoxdur”.
Bu istiqamətdə gələcək planlar barədə isə Rauf Hacıyev bu fikirləri səsləndirib:
“İnteqrasiyalı milli hidrometeoroloji sistemin işlənilməsi üçün növbəti addım kimi radiolakasiya məlumatlarından daha yaxşı istifadə etməklə maksimum faydalanmaq və əhali arasında bu məlumatların yayılmasına nail olmaq üçün texnologiyaların alınması və öyrənilməsi növbəti addım hesab edilir. Bu texnologiyalar məlumatlar və proqnozlar mərkəzinin yaradılmasında istifadə olunacaq (Situasiya mərkəzi). Yeni mərkəz müasir avadanlıqlarla təmin olunacaq, gələcəkdə isə yeni radarlardan alınan məlumatlardan maksimum yaralanmaq üçün təhlil sistemləri və proqnozun modelləşdirilməsi ilə məşğul olacaq.
Situasiya mərkəzi Milli Hidrometeorologiya Xidmətindən verilən proqnoz və xəbərdarlıqlar barədə məlumatların keyfiyyətini yaxşılaşdıracaq, texniki və proqnoz üzrə personal isə yeni sistemdən müstəqil istifadə və ona xidmət etməyi öyrənəcək”.
Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm proqramın realizə edilməsi çərçivəsində Şamaxı və Göygöldə radarların o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq.
Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi prosesi dövlət investisiya layihələri çərçivəsində aparılır:
“Dövlət investisiya layihələri çərçivəsində bu proqramın ilkin mərhələsində yaradılmaqda olan inteqrə edilmiş milli erkən xəbərdarlıq sisteminin aparıcı bəndini təşkil edən iki yeni dopler meteoradar alınıb. Belə kompleks yanaşma Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək.
Hidrometeoroloji müşahidə şəbəkəsində 40 ildən artıq bir dövrdə Şamaxı, Göygöl, Ağstafa və Şəkidə istismar edilən MRL-5 tipli meteorololoji radiolokatorlar mənəvi və fiziki cəhətdən köhnəlib, bugünkü gün üçün onların texniki resursları tam tükənib. Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Qarabağ ərazisində – Füzuli, Zəngilan, Ağdərə və Xankəndində də MRL-5 tipli radiolokatorlar fəaliyyət göstərirdi.
MRL-5-lərin mənəvi cəhətdən köhnəlməsi, onların kütləvi istehsalolunma müddətindən (keçən əsrin 70-ci illərinin sonları) keçən zaman ərzində radiometeoroloji texnologiyaların çox irəli getməsi ilə izah olunur. Qütbləşdirilmiş emal metodlarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə operativ radiometeoroloji məlumatların alınması üçün nəzərdə tutulub”.
Radarların istismara verilməsi üzrə işlərin nə zaman başa çatacağı ilə bağlı sualı isə nazir müavini belə cavablandırıb:
“Şamaxı və Göygöldə radarların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Hazırda bütün radarlar quraşdırılmış və indiki dövrdə əsas məsələ Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin işə salınmasıdır”.