Deputatları məhkəmə ilə qorxudan Ramiz Mehdiyev növbəti məğlubiyyətin astanasında…

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə YAP-çı deputat Siyavuş Novruzovun məhkəməyə müraciət etməsi barədə xəbərlər gündəmin əsas müzakirə mövzusudur. 

HİT.Az xatırladır ki, yayılan xəbərlərdə Ramiz Mehdiyevin 15 deputatı, Siyavuş Novruzovun isə Daxili İşlər Nazirliyilini (DİN) məhkəməyə verdiyi bildirilir. Akademik xüsusi karantin dövründə nəvəsinə toy etdiyinə görə deputatlar tərəfindən tənqid olunmasını şərəf və ləqayətinin alçaldılması və işgüzar nüfuzunun zədələnməsi kimi dəyərləndirir. Sonradan AMEA-nın saytında açıqlama yayan Ramiz Mehdiyev xəbəri təkzib edib.

Siyavuş Novruzova gəlincə, yayılan xəbərdə onun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştiraka görə inzibati qaydada cərimələnməsini qanunsuz hesab etdiyi bildirilir. Deputat özü mətbuata açıqlamasında sona qədər mübarizə aparacağını, hətta Avropa Məhkəməsinə qədər gedəcəyini bildirib. Lakin o da sonradan dediklərini danıb. Bildirib ki, DİN-i məhkəməyə verməyi barədə iddialar əsassızdır. O, özünün açıqlamasını da yalanlayıb.

2018-ci ildən başlayan islahatlar dalğasında Ramiz Mehdiyev də uzun illər tutduğu vəzifədən azad edilib. Onun Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi hakimiyyətin siyasi kursunu dəyişmək istəyi kimi qiymətləndirilib. Ramiz Mehdiyev iqtidarın siyasi xəttini müəyyənləşdirən fiqur kimi qəbul edildiyindən uzun illər siyasi səhnədə hökm sürən eybəcərlik onun adı ilə bağlanırdı. Təsadüfi deyildi ki, Mehdiyevin yola salınmasından sonra hakimiyyətə yaxın ictimai-siyasi fiqurlar onu tənqid atəşinə tutmağına başladılar. Bu tənqidlər həm də akademikə siyasi iddialarından əl çəkməsi üçün xəbərdarlıq idi. Lakin Ramiz Mehdiyev xəbərdarlıqlara məhəl qoymadı və…

Ötən ilin avqustunda sosial şəbəkələrdə Ramiz Mehdiyevin də iştirak etdiyi toy məclisindən görüntülər yayıldı. Bəlli oldu ki, məclis akademikin nəvəsi üçün təşkil edilib. Xüsusi karantin rejimində toy məclisinin təşkil edilməsi cəmiyyəti ayağa qaldırdı. Hakimiyyət dərhal məsələyə reaksiya verərək, toyun təşkilatçılarını – Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevi və onun qudasını inzibati qaydada həbs etdi. Toyda iştirak edənlər isə cərimələndi. Onlardan biri də Siyavuş Novruzov idi. 

Həmin vaxt YAP-çı deputat təxminən “iştirak etmişəm, yaxşı eləmişəm” tipində açıqlama verdi. Lakin bir neçə gün sonra Ramiz Mehdiyevin onu və toyda iştirak edən digər şəxsləri aldatdığını bəyan etdi. 

Baş verənlər göstərirdi ki, istər toy məclisinin təşkil edilməsi, istərsə də buna görə Ramiz Mehdiyevin tənqid olunması əslində siyasi xarakter daşıyır. Analitiklərin fikrincə, akademik xüsusi karantin rejimində nəvəsinə toy etməklə müstəqil subyekt olduğunu, hələ də təsir imkanlarının qaldığını nümayiş etdirmək istəyib. Ona tənqidlərin sərt şəkil alması da bununla izah edilirdi. 

Ramiz Mehdiyevin 15 deputatı məhkəməyə verməsi xəbərini təkzib etməsinə rəğmən, qarşıdurmanın hələ də davam etdiyini söyləmək olar. Lakin nəticənin Ramiz Mehdiyev üçün uğurlu olacağını düşünənlər azdır. 

Əvvəla, akademik əvvəlki təsir gücünü itirib. İndi onunla həmrəy olanlar kifayət qədər azdır. Digər tərəfdən, Ramiz Mehdiyevin siyasi element olaraq toxunulmazlığı ciddi şəkildə zədələnib. İndi mediada akademikin tənqid olunması o qədər də təhlükəli deyil. Onun personası mətbuat üçün yalnız tənqidi material baxımından maraqlıdır. Elə bu səbəbdəndir ki, Ramiz Mehdiyev son çarə kimi AMEA-nın saytını tribunaya çevirib. 

AMEA prezidentinin mövcud şərtlərlə bu qarşıdurmadan qalib çıxması sadəcə möcüzə nəticəsində mümkün ola bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir