Bu gün İKT peyğəmbəri, Ərdəbilli – Bakılı dahi Lütfi Zadənin 100 illik yubileyidir…
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür.
Kaliforniya Universitetinin məşhur professorunun bu gün 100 yaşı tamam olur.
Bu məqamda bildirək ki, fevralın 4-də Bakıda Lütfi Zadə Texnologiya Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin fəaliyyəti inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovörkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması və innovasiya ekosisteminin üzvləri üçün ortaq platformanın yaradılmasına yönəlib.
Qeyd edək ki, Prezident İlham Əliyev görkəmli elm xadiminin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurduna – Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin ali təhsil ocağında ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Bir çox xarici ölkə akademiyalarının üzvü olan L.Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin
ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. Lütfi Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.
Alim 2017-ci ildə vəfat edib, nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri Xiyabanda dəfn edilib.
Namaz qılan, kababı sevən, xanımının vəsiyyətinə əməl etməyən Lütfi Zadə – Maraqlı faktlar
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə güzəran qurub. İşgüzar fəaliyyəti ilə yanaşı həm də Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb.

1933-cü ildə sovet vətəndaşlığını qəbul etməyən ailə Bağırovun göstərişinə əsasən 24 saat ərzində ölkəni tərk etməli olurlar.

Üçüncü sinfə qədər rus dilində təhsil alan Lütfi Zadə Tehranda ingilis dilində yazıb oxumağa məcbur olur. Lakin rus klassiklərinin əsərlərinin hamısını orijinalda oxuyur. Sonralar Lütfi Zadənin Tehran dövrü barədə öz xatirələrini qələmə alan arvadı Fey yazır: “Ərimi ilk dəfə görəndə 12 yaşım vardı. Ruscası əlaydı. Kitabxanasında 2000-dək kitab vardı. Hamısı da rus dilində. Lütfizadə 1931-ci ildə ailə İrana sürgün edildiyi zaman öz kitablarına unutmur. İki min nüsxəlik bu nəhəng kitabxanasını Tehrana aparır”.

Lütfizadə Litvadan İrana qaçmış yəhudi qızı, gələcək həyat yoldaşı Fey ilə də Tehranda təhsil aldığı “Alborz” məktəbində tanış olur. Onlar ailə qururlar. Lütfizadə Feyi də götürüb Amerikaya köçür. Fey həmin günləri belə xatırlayır: “Bakıya təzim etmədən o, görünür öz nəzəriyyəsini elan etmək istəmirdi. Amerikada əvvəlcə bir o qədər də ciddiyə almırdılar Lütfini. Bu ideyaya siftə yaponlar, bir də Sovet alimləri dəyər verdi. O, bu nəzəriyyəsini eyni vaxtda həm SSRİ elminə təqdim etdi, həm də Amerika alimlərinə. Moskvanın ”İnformasiya nəqli məsələləri” dərgisində çap olunan məqaləsini o özü ruscaya tərcümə etmişdi. Buradakı əsas elmi ifadələri məhz özü zərgər dəqiqliyi ilə ruscaya uyğunlaşdırmışdı. Əfsus Lütfinin bu novatorluğu rusları deyil, yaponları qəflət yuxusundan oyatdı. O sübut etdi ki, rəqəmlər dəqiq, bəsit deyillər. O sübut etdi ki, dünya ağ və qara rənglərdən ibarət deyil. Ortada çox sayda naməlum ölçülər, rəqəmlər, hələ öz işarəsini, adını qazanmamış anlayışlar var”.

Alimin ixtirasını ilk dəfə 1973-cü ildə bir buxar makinasında professor İbrahim Madani sınaqdan uğurla çıxarıb. 1980-ci ildən sonra Lütfi Zadənin ulduzu elm sahələrində daha da parlayır. Yaponiyada “qeyri-səlis məntiq” əsasında yaranmış yeni texnologiyalar əsl möcüzəyə səbəb olur. İndi Yaponiyada mindən çox alim bu sahəni araşdırır. Çində isə indi 10 mindən çox “nisbi məntiq” mütəxəssisi mövcuddur. Müasir dövrün ən incə dəqiq hesablamaları, texnologiyaları indi “fuzzy loqic” nəzəriyyəsi olmadan mümkün deyil. Yeni robotlar nəslini istehsala buraxanlar indi öz bütün hesablamalarını məhz “qeyri-səlis məntiq” əsasında hazırlayırlar.

Lütfi Zadə Allaha inanan adam olub. Deyilənə görə o, hər bir addımında Allahın adını çəkir, “Allah mənə nə qədər ömür veribsə, o qədər yaşayacağam”, deyirmiş. Tehranda tələbə olanda isə gündə beş dəfə namaz qılırmış. Ömrünün son illərində isə müsəlman qaydaları ilə dəfn olunmasını vəsiyyət edib.

Uzun illər Amerikada yaşasa da, Azərbaycan yeməklərini – səbzi-qovurmanı, badımcan dolmasını, borş və peraşkini çox sevib. Evdə daha çox Azərbaycan yeməklərinə üstünlük verib. Daha çox səbzi plov, badımcan, tikə, lülə kabab yeməklərini xoşlayıb. Evdə xanımı və yaxınları ilə danışan zaman Azərbaycan sözlərindən istifadə etsə də, daha çox rus dilində danışmağa üstünlük verib.

Lütfizadə tanınmış rejissor Cənnət Səlimovanın xalası oğludur. Onlar mehriban uşaqlıq illərini bir yerdə keçirsələr də, sonradan uzun müddət görüşməyiblər.

Akademikin yaxşı rəssamlıq qabiliyyəti olub. Görkəmli şəxsiyyətlər, prezidentlərin şəkillərdən Ronald Reyqanın, Corc Buşun portretlərini çəkib. Bundan başqa o, həm də yaxşı rəqqas olub. Deyilənə görə 95 yaşında Berkli universitetinin tədbirində o qədər gözəl rəqs edir ki, salondakı insanların hamısı heyran olur.

O, illər öncə xanımı ilə birlikdə qərar verirlər ki, dünyalarını dəyişəndə kremasiya olunsunlar. Xanımı dünyasını dəyişəndə bunu edirlər. O, ölənə qədər xanımının külünü evində saxlayır. Lütfi Zadə isə sonradan qərarını dəyişir. Müsəlman qaydası ilə dəfn olunmasını vəsiyyət edir. Xanımından sonra isə cəmi bir il yaşayır. Vəsiyyətinə əsasən ölümündən sonra Bakıda Fəxri xiyabanda dəfn olunur.

Professor dəfn olunanda oğlu Norman Lütfizadə başqa şəhərdə olduğundan dəfn mərasiminə gələ bilmir.

