Çingiz Abdullayev: qlobal milli kreativ brendimiz… Aydın Xa Əbilov yazır…
Çingiz Abdullayev: qlobal milli kreativ brendimiz…
XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi social platformalarda özünü tanıtmağa çalışan bloqerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri qabağa aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.
Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də
Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “Pen-klubub” prezidenti, xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə, milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.
Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünyaşöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kultoroloji sərvətimizdir.
Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və İnternetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…
Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə öz nöbəsində janrlara bölünürlər. Məsələn epik növün hekayə, povest və roman növü. Bu təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox da mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa biliblər. Üstəlik də son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər məncə.
İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…
Ölkə Prezidenti İlham Əliyevin xüsusi sərəncamıyla xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda, növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…
Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, – ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyas mühitlərdə original düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.
Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda,yeni mediada, social şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühum sosial-siyasi prosesi, hadisəni, hərəkəti iştimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.
Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.
Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti və bu kimi onlarla məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə iyirmi birinci yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.
Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiymiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.
Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, isiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət havaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda buqəbil bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar, ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.
Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda, qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dən artıq xarici məmləkətdə nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.
Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə – insan kapitalımıza dəyər verməmək, gənc nəsilə nümunə göstərməmək mümkündürmü!?
P. S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız:ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!
Aydın Xan (Əbilov),
Vətəndaş Cəmiyyəti Alyansı rəhbəri,
Yeni Yazarlar və Sənətçilər İB-nin sədri,
Kitabxana.net portalının təsisçisi, yazıçı-kulturoloq

