Tele-qalmaqal: “Təəssüf ki, bu gün televiziyaların bəziləri işlərini bayağı reytinq üzərində qururlar…”

“Tanınmış adamların aparıcı kimi televiziyalara cəlb edilməsi dünya təcrübəsində də var. Amma hesab edirəm ki, aparıcılıq çox ciddi peşədir, birbaşa jurnalistikaya bağlıdır. Söhbət özümdən gedirsə, aparıcı olaraq həm də jurnalistəm”
Bunu Moderator.az-a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı aparıcının mütləq savadlı olmasının vacibliyini vurğulayıb:

“Tanınmış adamların aparıcı kimi televiziyalara cəlb edilməsi dünya təcrübəsində də var. Amma hesab edirəm ki, aparıcılıq çox ciddi peşədir, birbaşa jurnalistikaya bağlıdır. Söhbət özümdən gedirsə, aparıcı olaraq həm də jurnalistəm. Çünki efirə hazırladığın verilişin məzmunu forması, çağırdığım qonaqlar haqqında kifayət qədər məlumatlı, bir sözlə, savadlı olmalısan. Mənim gözümün düşmənidir savadsız adam efirdə olanda. Savadsız adamı efirdə görə bilmirəm, istəyir müğənni, istəyir aktyor olsun. Alimlik tələb etmirəm, amma elementar bilgiyə malik olmalıdır. Təsəvvür edin ki, 2-ci, 3-cü sinif bilik səviyyəsində olan insanlar təəssüf ki, efirlərdə aparıcı kimi çıxış edirlər, veriliş aparırlar. Hesab edirəm ki, bu  doğru deyil. Tamaşaçı əylənməklə bərabər, həm də nəyisə götürməlidir, bir informasiya almalıdır. Əgər efirə çıxan aparıcının o səviyyəsi yoxdursa, informasiya ötürə bilmirsə, onda bu nəyə lazımdır. Televiziyanın əsas rolu informasiyadır. Elə o demək deyil ki, şou oldu, atıldın-düşdün, şit-şit, bayağı hərəkətlər etdin və bununla da sənin işin bitdi. Şounun özü də informativ və intellektual olmalıdır. Düşüncəmə görə aparıcının savadı, bilgisi vacibdir”. 
R.Ağasəfqızının sözlərinə görə artıq bu günki tamaşaçı o bayağı verilişləri sevmir:

“Ola bilər ki, tanınmış adamları aparıcı kimi reytinq xatirinə efirə dəvət edirlər. Amma indi biz elə bir dönəmdə yaşayırıq ki, tamaşaçı o bayağı şoulardan yavaş-yavaş uzaqlaşır və bunun reytinq yığmaq zamanı gedib. Yəni bu gün o bayağı şoularla tamaşaçını ekran qarşısına gətirmək televiziyanı da, rəhbərliyi də də gözlədən salır və həmçinin jurnalistikaya da böyük bir kölgədir. Aparıcı efirə çıxanda mütləq onun savadı, bilik səviyyəsi, dünyagörüşü yoxlanılmalıdır”. 
R.Ağasəfqızı deyib ki, aparıcı efirə çıxanda heç vaxt görünüşü haqqında düşünməməlidir:
“Aparıcı “mən necə görünəcəm” düşüncəsiylə efirə çıxırsa, o heç zaman uğur qazana bilməz. Mən nə deyəcəm? Tamaşaçıya hansı fikri ötürəcəm? Savadımla, dünyagörüşümlə tamaşaçıyla necə ünsiyyətdə olacam? sualları aparıcı üçün prioritet olmalıdır. Aparıcı fikirləşirsə ki, ay paltarım, kirpiyim necə göründü, bu gün hansı salonu reklam edəcəm deyəcəksə, bu iş alınmayacaq”.
R.Ağasəfqızı aparıcılarımızın efirə hazırlaşmadığını və qonaq haqqında məlumatlı olmadıqlarını bildirib:
“Çox təəssüf edirəm ki, bu gün aparıcılıq məktəbində böyük silkələnmə var. Efirlərə baxıram və bəzən ağızlarına gələni danışırlar.  Hətta efirə dəvət etdikləri qonaq haqqında məlumatlı olmurlar. Aparıcıların verdiyi suallardan, qonaq haqqında bilgisizliyindən dəhşətə gəlirəm. Bu gün efirlərimizdə barmaqla sayılacaq qədər peşəkar aparıcılarımız var. Şou verişilərinə çağırırlar və gözləyirsən ki, görən bu nə demək istəyir. O qədər dayaz, bayağı, o qədər efirə dəvət etdikləri qonağa üzdən yanaşırlar ki, məəttəl qalırsan. Çünki aparıcılar efirə hazırlaşmırlar. Efirə xalq artistini dəvət edirlər və görürsən ki, onun yaradıcılığından aparıcının xəbəri yoxdur. Bunu dəfələrlə müşahidə edirəm və düşünürəm ki, intellektual tamaşaçı da bunu görür”. 
Aparıcının sözlərinə görə bu gün televiziyalar aparıcılardan ancaq reytinq tələb edirlər: 
“Təəssüf ki, bu gün televiziyalarımızda peşəkar aparıcılarımız çox azdır. Televiziyalarımızın da reytinqi zaman getdikcə düşməyə başlayır. Çünki televiziya həm də simasıyla, aparıcısıyla, redaktoruyla udur. Bu gün peşəkarlar təəssüf ki, efirlərdən kənarda qalıblar. Efirlər tələb edir ki, sən mənə reytinq verməlisən. Ay sənə qurban olum, mən sənə reytinqi necə verim? Təbii ki, yolda gedəndə küçədə iki qadının savaşına çevrilib baxacağıq və bu da olacaq reytinq. Amma iki nəfər ağıllı söhbət edəndə yanından keçib gedəcəyik və heç baxmayacağıq. Təəssüf edirəm ki, bu gün televiziyaların bəziləri işlərini bu bayağı reytinq üzərində qururlar. Mənim özümdən də bu reytinqi tələb edirlər. Onda ya mən iş yerimi itirməliyəm, ya da oturub fikirləşməliyəm. Çünki mən də pul qazanmalıyam, ailəmi saxlamalıyam. Axı nə etməliyəm, başqa işim yoxdur, mən stomatoloq və ginekoloq ola bilmərəm. Mən teleaparıcıyam, iyirmi beş ildir bu sahədə çalışıram. Rəhbərlik qarşımda tələb qoyur və bu reytinqi mən necə verim? Tələb olduğu üçün məcbur olub bunu mən də etmişəm və daha sonra nə vaxtsa tamaşaçı bunu mənə irad bildirib”. 

Vasif Əlihüseyn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir