Qalmaqal: “Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar”
“144,5 milyon əhalisi olan Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, İsveçrə Mərkəzi Bankının binası da 4 mərtəbədir”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda 450 milyon manata Mərkəzi Banka 160 metr hündürlüyü olan 32 mərtəbərli inzibati binanın tikilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, hər mərtəbəyə 14 milyon 62 min manat xərclənəcək:
“Binanın sahəsi 67.926 kvadratmetr olacaq ki, bu hesabla da hər 1 kv metrin tikintisinə də 6625 manat məsrəf ediləcək. Bu, Heydər Əliyev Mərkəzindən sonra hər kv metrə düşən tikinti xərclərinə görə ikinci bahalı dövlət obyekti olacaq. Hələ qarşıda yeni tikilən binanın kopmplektləşdirilməsi, mebellə təchizatı və digər xərcləri vardır.
Böyük Bərpa Planına görə, işğaldan azad edilmiş ərazilərdə tikiləcək mənzillərin hər kv metrinin smeta dəyəri 350 manat olacaq. Bu hesabla təkcə Mərkəzi Bankın binasının tikintisinə xərclənəcək vəsaitlə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar. Məlumat üçün qeyd edim ki, Böyük Bərpa Proqramı üzrə Füzilidə 13500, Cəbrayılda isə 13000 evin tikilməsi planlaşdırılıb.
450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magistr təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar.
Pandemiya ilə əlaqədar olaraq dünyanın hətta maliyyə və biznes mərkəzlərində ofislər boşdur, əmlak hər gün dəyər itirir, böyük şirkətlərin və dövlət orqanlarının işçiləri evdən çalışır, belə bir vəziyyətdə 450 milyon manat dövlət vəsaitin ofis binasının tikintisinə xərcləmək, yalnız “iqtisadiyyatçılar”ın ağıllarının məhsulu ola bilər. Heç şübhəsiz ki, meqa korrupsiya layihələri, ağ fillər milli iqtisadiyyatın nəinki cari vəziyyətini, həm də gələcək durumunu çətinləşdirir, bir sözlə ölkəni inkişafdan saxlayır”.
Onlar özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər – Mərkəzi Bankın 450 milyonluq bina qalmaqalı
AYP başqanı: “Hələ çox binanın tikintisinə yüz milyonlar sərf olunacaq”
“Hamı ümid edirdi ki, Qarabağda əldə olunan zəfərdən sonra mülki həyatın bütün sahələrində yeni səhifələr açılacaq, vəzifə sahibləri tamamilə yeni və xalqın gözləntilərinə uyğun siyasət həyata keçirəcəklər. Ancaq real həyatda gördüklərimiz bunun belə olmadığını deməyə əsas verir”.
Bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

AYP başqanı bildirib ki, cəmiyyətin aktiv təbəqəsi Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat xərclənəcəyi xəbərini həyəcanla və haqlı olaraq etirazla paylaşır, müzakirə edir.
“İqtisadçılar dəqiq hesablamalarla bu rəqəmin həddindən artıq şişirdilmiş olduğunu göstərirlər. Misal üçün, bu məbləğə xaricdə minlərlə gənc alimin və mütəxəssisin təhsilini xərcini ödəmək, on minlərlə qaçqın və məcburi köçkünün azad olunmuş torpaqlarda evini inşa etmək, real istehsal sahələri olan bir neçə orta çaplı fabrik-zavod anın qurulmasını və işlədilməsini təmin etmək olardı. Amma olmayacaq.
Niyə? Ona görə yox ki, iqtidar mənsubları büdcə vəsaitlərini səmərəsiz və səhlənkar şəkildə israf edirlər. Bunu onlar çoxdandır, edirlər. Bir növ vərdiş ediblər. Ona görə yox ki, Mərkəzi Bankın rəhbərliyində hesab-kitab işini bilən yoxdur. Var, özü də lap əlasından. Özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər.
Ona görə olmayacaq ki, həmin potensial minlərlə gənc alimin və mütəxəssisin, on minlərlə qaçqın və məcburi köçkünün, yüzlərlə kiçik və orta sahibkarın heç on nəfəri belə bir araya gəlib haqqını və hüququnu qoruyacaq siyasi birlik ruhunda və əzmində deyil. Biz dəfələrlə deyəndə ki, Azərbaycanda sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər problemlərin hamısının kökü siyasi müstəvidədir, bir problem milyonlarla insanın yaşayışına təsir edirsə, bu, siyasi problemdir, siyasi məsələlər ictimai hərəkatlarla deyil, daha çox siyasi partiyaların fəaliyyəti ilə aşılmalıdır, bunun üçün də heç kim siyasi proseslərdən kənarda qalmamalıdır, hər bir vətəndaş siyasi partiya daxilində təşkilatlanmalıdır – bu günlərimizi nəzərdə tuturduq.
Alimlər də, iş adamları da, sənətkarlar da, müəllimlər də, həkimlər də, aqrar işçilər də, dövlət qulluqçuları da – hamı və hər kəs anlamalıdır ki, vətəndaşı olduqları ölkənin taleyi öz əllərindədir. Ölkə – sadəcə torpaq, ərazi demək deyil. Ölkə – elə əhali deməkdir. O əhali ki, öz taleyinə laqeyd qalmamalıdır. Əks təqdirdə hələ çox binanın tikintisinə yüz milyonlarla manat sərf olunacaq və bizə isə sadəcə tənqid etmək qalacaq”, – Anar Əsədli vurğulayıb.

