Karl Yaspersin “Ünsiyyət fəlsəfəsi”: zəmanəmizin sirrlər dolu şifrələri. Elvin Əli ilə fəlsəfi gəzişmələr – 5
Görkəmli alman filosofu, psixoloq və psixiatı Karl Yaspersin (23 fevral 1883 — 26 fevral 1969) fəsləfəsi ilə maraqlanlar bilir ki, filosof bəlkə də bu günümüz üçün ən aktual temaları öz fəlsəfəsində işləyib. Onun intellektual yaradıcılığına “Ünsiyyət fəlsəfəsi” də deyilir. Ünsiyyət, kommunikasiya Yaspers fəlsəfəsinin mərkəzində duran anlayışdır…
Digər ekzistensialist filosofların əksəriyyəti kimi Karl Yaspers də elmi-təxniki tərəqqiyə, elmi dünyagörüşünə qarşı çıxır. Onun fikrincə, bu tərəqqi, elmi dünyagörüşü insanla insan, fərd ilə dünya arasındakı ünsiyyəti zəiflədir, disharmoniya, bir sözlə, anlaşılmazlıqlar yaradır. K.Yaspersə görə, elmədək olan fəlsəfə və dünyagörüşü insanla təbiəti, şəxsiyyət ilə kosmosu bir vəhdət kimi görür. Filosof onları harmoniyada təsvir edir. İnsanın dünya ilə ünsiyyətinin yaxşılaşması və sıxlaşmasına xidmət edirdi. Elm isə obyektləşdirmə, obyekt-subyekt bölgüsü ilə hər şeyi, hətta insanın özünü də əşyalaşdırmış və fərdin digər fərdlə, insanın dünya ilə ünsiyyətinə mənfi təsir etmiş, uçurum yaratmışdır. Ünsiyyət əskikliyi isə çox böyük problemlərə yol açır. Yaspersə görə, o cəmiyyət xoşbəxtdir ki, orada insanlar arasında sıx, xeyirxah, mehriban ünsiyyət var. Ünsiyyətin az olduğu cəmiyyətlərdə isə insanlar arasında problemlər yaranır, mənəvi məsələlər arxa plana keçir, maddi münasibətlər hər şeydən öndə gəlir və bununla da cəmiyyət uçuruma doğru gedir.
Avropanı total fəlakətin eşiyində görən K.Yaspers, bunun ünsiyyət əskikliyindən yarandığını iddia edirdi. Yaspersə görə, insan özünü ünsiyyətdə realizə edir, formalaşdırır, mövcud olur. İnsan digər insanlarla ünsiyyət zamanı empatiya hissini inkişaf etdirir, onları anlamaqla özünü, özünü anlamaqla isə digər insanları anlayır. K.Yaspersə fikrincə insanın başqaları ilə olduğu qədər özü ilə də ünsiyyətinin olması vacibdir.
Təəssüf ki, filosof indiki İnternet dövrünü görə bilmədi. Günümüzdə Yaspersin qeyd etdiyi insanın insanla, insanın dünya ilə ünsiyyətində olan uçurum daha da dərinləşib. Artıq texnologiya, İnternet, sosial şəbəkələr bütün həyatımızı zəbt edib, real ünsiyyəti minimuma endirib. K.Yaspers ünsiyyətsizliyin psixoloji problemlərə, anomaliyalara, kütləvi aqresiyaya apardığını bildirirdi. Günümüzdə bunu gündəlik həyatda müşahidə edə bilirik. İnsanın yad insanlarla ünsiyyətindən əlavə, hətta ailə və dostları arasında ünsiyyəti də demək olar ki, minimuma enmiş vəziyyətdədir. Ona görə də müasir cəmiyyətlərdə insanlar arasında böyük uçurum yaranıb, anlaşılmazlıqlar, radikal düşüncələr artıb, empatiya isə azalıb.
Karl Yaspers çıxış yolunu fəlsəfədə, yeni dünyagörüşündə görürdü. Onun fikrincə, insanlar elmi dünyagörüşünü, obyektləşdirməni bir kənara atmalı, fərdin dünya ilə bir vəhdət kimi, harmoniya içində görən yeni dünyagörüşünə keçid etməlidir. Beləliklə, insanın insanla və şəxsiyyətin dünya ilə ünsiyyəti bərpa edilə, fərdlərarası ünsiyyət xeyirxahlıq, mehribanlıq prinsipləri üzərində qurula bilər.

