Azərbaycan Prezidenti 1989-cu ildə qalmış “Xarı bülbül”ü Şuşaya yenidən qaytardı – həm də “Vaqif”lə birlikdə…

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı “Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir – “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri”  deyə bildirib.

Dövlət başçısı qeyd edib: “Şuşada “Vaqif” poeziya günləri bərpa edilməlidir. “Vaqif” poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə “Vaqif” poeziya günlərində olmuşam.Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?”

  • Dəyanət Osmanlı: “Vaqif” poeziya günlərinin və Xarı bülbül festivalının bu ildən başlayaraq keçirilməsinə start verilməsi

Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu ənənənin bərpa edilməsi vacib idi və bununla bağlı   ölkə başçısı ortaya iradə qoyub: “44 günlük Vətən müharibəsi düşmənə və dost ölkələrə göstərdi ki, Azərbaycan çox sürətli inkişaf edən ölkələr sırasındadır və buna mane olmaq mümkün deyil. Ölkəmizdə dövlət siyasətinin düzgün aparılması və icra hakimiyyəti strukturlarında, mədəniyyət, sosial-iqtisadi sferalarda islahatların həyata keçirilməsi yeni bir gələcək, dirçəliş vəd edir. Eyni zamanda, dövlətimizin başçısı islahatların ən öncül məsələsi kimi vətənə, gələnəklərimizə bağlı, həm də yeni təfəkkürlü gəncləri etimad göstərib yüksək vəzifələrə təyin edir. Belə olduğu halda, dövlət və ictimai idarəçilikdə dinamik düşüncəyə imkanlar yaradılır ki, inkişafımız qarşısındakı maneələr də təbii surətdə və təmiz təfəkkürlə aradan qalxır. Cənab Prezidentin dediyi kimi, haqlı davamızda qazanılan zəfərlə Azərbaycan yeni həyata qədəm qoydu. Qədim mədəniyyət beşiyi Şuşa işğaldan azad olan kimi, dirçəliş prosesi oraya dərhal yol çəkilməsi ilə başlandı. Bundan sonra bütün Qarabağda böyük quruculuq-bərpa işləri başlayacaq. Bölgəyə həyatın qayıtması, erməni faşizminin tamamilə dağıtdığı sosial-mədəni infrastrukturun canlandırılması Azərbaycana olan bəzi qərəzli münasibətləri də dəyişdirəcəyinə əminəm.

Cənab Prezident yeni Mədəniyyət naziri təyin edərkən və tapşırıqlar verərkən də məhz zəngin ənənələrimiz üzərində yeni düşüncəyə yol açdığını bir daha göstərdi, Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etdi. “Vaqif” poeziya günlərinin və “Xarı bülbül” festivalının bu ildən başlayaraq keçirilməsinə start verilməsi isə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində yaradılan milli ənənələrimizin statusunun qaytarılmasıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarlarını yüksək dəyərləndirirəm. Bu ənənəvi bayram tədbirlərinin keçirilməsi ilə paralel aparılacaq quruculuq işləri dünyaya mədəni irsimizin qorunmasında israrlılığı və humanizm prinsiplərinə, tariximizə, torpağımıza qədirbilən münasibəti sərgiləyən mühüm bir mesajdır. Bərpa-quruculuq proseslərində, Vətən müharibəsində olduğu kimi, hər bir vətəndaş, o cümlədən, ziyalılar, yazıçılar və digər sənət adamları, ictimai qurumların nümayəndələri həmrəylik göstərməli, töhfə verməlidirlər. “Vaqif” poeziya günləri və “Xarı bülbül” festivalı kimi ənənəvi mədəni tədbirlərin keçirilməsi həm də o deməkdir ki, dünya dövlətlərindən gələn tanınmış yazıçı və şairlərin, sənətçilərin düşüncəsində erməni vandalizmi ilə yanaşı, Azərbaycanın keşmiş tarixi özəllikləri və indiki inkişaf görsəlləri doğru yer alacaq. Mən inanıram ki, lap yaxın zamanlarda Şuşa  bütün Türk dünyasının mədəniyyət paytaxtına çevriləcək və bölgədə yeni beynəlxalq səviyyəli mədəni tədbirlərin keçirilməsi də reallaşacaq”.

  • Aydın Xan Əbilov: “Şuşa işğaldan azad edildikdən sonra bu ənənənin bərpa edilməsi çox mühümdür

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə də bu, ənənələrin bərpası istiqamətində ölkə başçısı tərəfindən atılan mühüm addımdır: “Prezident İlham Əliyev postmüharibə dövründə Qarabağla, bütövlükdə, Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı dili ilə bağlı çox önəmli tezislər irəli sürdü. Əslində, bunu çoxdan gözləyirdim. Çünki müharibədən sonrakı quruculuq, dirçəliş prosesi ilə yanaşı, mədəniyyətin inkişafına təkan verən proseslər baş verməli idi. Təbii ki, bu prosesin başında cənab Prezident və həmişə onunla olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, dövlətin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyi və o cümlədən, yeni təyin edilən Mədəniyyət naziri dayanır. Bu baxımdan, Azərbaycanın daha çox münaqişə bölgəsi kimi tanınan Qarabağ bölgəsi, əslində, Azərbaycan mədəniyyətinin beşiyidir, mədəniyyətimizin müasir səviyyəsinin göstəricisi kimi genişlənməsi, zənginləşməsi vacibdir. Qarabağ, Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir. Cənab Prezident bildirdi ki, Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan edir. Prezidentin Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin inkişafına xüsusi qayğı ilə bağlı fikirləri, eləcə də “Xarı bülbül” festivalının və  “Vaqif” poeziya günlərinin keçirilməsi ilə bağlı fikirləri çox qiymətli tezislərdir. Şuşa işğaldan azad edildikdən sonra bu ənənənin bərpa edilməsi çox mühümdür və artıq bu barədə ölkə başçısı tərəfindən qərar verilib”.

A.X.Əbilovun sözlərinə görə, Şuşa yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət mərkəzidir, eyni zamanda da buranın Avroasiyanın mədəniyyət mərkəzinə çevrilməsi şansı var. “Mədəniyyət Nazirliyi elan etmişdi ki, yeni mədəniyyət strategiyası hazırlayırlar. Cənab Prezidentin Anar Kərimovu videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər, əslində, mədəniyyət strategiyasının əsasını təşkil edir. Fikirləşirəm ki, bu rəhbər tezis yazılacaq, hazırlanacaq yeni mədəniyyət konsepsiyamızın əsasını təşkil edəcək. Prezident sübut etdi ki, o yalnız cəbhədə, sosial-iqtisadi sahədə, siyasətdə deyil, o cümlədən də mədəniyyətdə baş verən bütün hadisələri öz diqqətində saxlayır, mədəniyyətə yalnız incəsənətin bir qolu kimi baxmır, o, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, humanitar düşüncəsini dünyaya çıxaracaq bir format kimi qəbul edir. 2021-ci ildə yalnız “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri gerçəkləşdirilməyəcək, həm də “Nizami Gəncəvi İli”nin təntənəsini yaşayacağıq. Bilirsiniz ki, cənab Prezident Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. “Nizami Gəncəvi İli” çərçivəsində həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində tədbirlər keçiriləcək. Bu, cənab Prezidentin mədəniyyətə verdiyi böyük qiymətin təzahürüdür” – deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA.https://www.baki-xeber.com/search.php?s=Ayd%C4%B1n+Xan+%C6%8Fbilov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir