Azərbaycan İnternet Forumundan xəbərdarlıq: virtual təhlükəsizliyimiz ciddi qorunmalıdır.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz son vaxtlar Vatsap ilə bağlı təhlükəsizlik məsələlərinə dair fikirlərini bölüşüb.
Bizim Azərbaycandilli sosial media məkanı, media qurumları WhatsApp-la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər. Düşünürük ki, ciddi narahatçılıq üçün əsaslar yoxdur. Fikirlərimizizi aşağıdakı kimi əsaslandırmağa çalışırıq.
Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən WhatsApp-dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.
Təbii ki, əvəzində bizim datalarardan da, uzun müddətdir ki, Facebook da, digərləri də istifadə edir.
WhatsApp-da Facebook-a məxsus olduğundan bu datalardan indi də WhatsApp-da reklam məqsədilə də istifadə olunacaq.
Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək.
Sıravi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklərdən söz gedə bilməz. Sadəcə , düşünürük ki, dövlət qurumlarının, böyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması müəyyən dərəcədə risklər yarada bilər.
Fikrimizcə , vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.
Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var. Yeri gəlmişkən, hazırda ABŞ Konqresində Facebook, Google, Apple və s. sosial platformalarla bağlı xüsusi hesabat hazırlanır. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın, WhatsApp-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur.
Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın , müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb.
Sual oluna bilər ki, bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin tarixçəsi, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlimatlar nə dərəcədə qorunur?
Məlumat üçün qeyd edək ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Tutaq ki Rusiyada, kiminsə mobil nömrəsini “Bilan” operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasportstoldan əldə etmək asandır.
Fikrimizcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı.

