Elvin Əli ilə fəlsəfədə gəzişmələr – 3. Albert Kamyu. Absurd metafizikası: “Burada ya başqasını, ya da özünü öldürürsən”
Dünyanın və fransanın nəhəng düşüncə adamı – ekzistensialist filosof (özünə filosof deməsə də) Albert Kamyunun fəlsəfəsi absurd metafizikası kimi tanınır. Kamyu xüsusilə XX əsri absurd əsri adlandırır. Bu əsrin əsas özəlliyi insanın hər şeyə münasibətində mənanın itməsi, absurdun hökm sürməsidir. Filosof bunu XIX əsrdə fəlsəfədə Allahın ölümü, inqilablar, ali dəyərlərin dəyərdən düşməsi ilə izah edirdi. Nihilizm dövrü olan ötən əsrdə isə yalnız absurd hökm sürür, heç bir mənəvi dəyər qalmayıb. Dəyər, gözəllik, məna yaratmalı olan sənət adamları isə partiyaların vintciyinə çevrilmişlər. XX əsr Kamyuya görə absurd və köləlik əsri idi. Dünyanın əşrəfi olan insanın heç bir mənası qalmamış, ideologiyaların əsrinə çevrilmişdir. Kamyuya görə istər faşizm olsun istərsə də kommunizm, ötən əsrin birinci yarısında hökm sürən ideologiyaların heç biri insana azadlıq vermir, onun həyatının dəyərini 0-a endirir. Kommunizmə müəyyən ümidləri olan filosof, Stalin hakimiyyətə gəldikdən sonra bu ideologiyadan da soyuyur. Kamyu deyirdi, “XX əsrin bayrağına” Öldür! ” sözü yazılıb”. İnsan həyatı isə hər şeydən üstündür, insan həyatını heçə sayan absurd idealar XX əsrdə dominantlığı ələ almışdır.
Kamyu yazırdı: “Biz elə bir əsrdə yaşayırıq ki, onun fundamental problemi qatillikdir”. Burada ya başqasını, ya da özünü öldürürsən. İntihar və qatillik Kamyuya görə bir qəpiyin iki üzüdür. Absurd əsrində insanlar intihara tərk ediliblər, onlar üçün yaşamağın və iztirab çəkməyin heç bir mənası yoxdur. Məna insan həyatı üçün əsas motivdir, onun yoxluğu yaşamağın özünü absurda çevirir. Bu əsrdə intiharın özü absurddan qaçışdır, yaradıcı aktdır. İntihar zəka proyektidir, absurddan qaçış üçün edilən intihar xüsusi zəka tələb edir. Absurdu zəka vasitəsilə dərk edən və onu iliklərinə qədər hiss edən insan, absurddan qaçışın özünü məna kimi görür, mənanı absurd həyata son qoymaqda tapır. Lakin insan həyatının bir digər atributunu yaddan çıxarmaq olmaz, bu, ümiddir. Hətta intihar eşiyində olan insan üçün də bir ümid işığı, hər şeyi dəyişməyin mümkün olması fikri olur. Bəs intihar çıxış yolu deyilsə çıxış yolu nədir?
Çıxış yolu qiyamdır! Kamyunun qiyam haqqında fikirlərinə “Predel fəlsəfəsi” deyilir. Hətta qulun belə öz hüquqları var. Ağa qula qarşı “həddi” aşdıqda, onun insan kimi yaşamaq haqqını əlindən aldıqda “Qul əlini baltaya atır”. Qulun əlini baltaya atması aktı möhtəşəm hadisədir, bu absurdun bitməsi və mənanın başlaması hadisəsidir. Qiyam müxtəlif sferalarda mövcud ola bilər, insan öz şəxsi həyatında da, ümumilikdə “ənkələrə” qarşı da, qrup şəklində dövlətə qarşı da və s. qiyam edə bilər. Qiyam, insanlığın əsas atributudur. Baş qaldırmaq, inkar etmək, qiyam etmək xüsusiyyəti insana insan kimi yaşamaq hüququnu bəxş edir, onu bəşərdən insana çevirir. Total fəlakətlər eşiyində olan insanlığı hər zaman qiyamlar xilas edib, tarix qiyamların tarixidir. Qiyam, məna yaratma aktı, absurdun bitməsi, yeni nizamın, yeni dəyərlərin yaranması hadisəsidir. Qiyamın yetişməsinin bir hüdudu var, bu hüdud Absurdun bütün həyatı zəbt etməsi, hər cür mənanın itməsi hüdudur, burada qiyamdan başqa çıxış yolu yoxdur.
Bu tip qiyam Kamyunun fikrincə, sırf Avropaya xasdır. Qiyamın baş verməsi üçün əsas şərt, insanların öz hüququnu dərindən dərk etməsidir. Hüquq isə Avropa təfəkkürünün məhsuludur. Öz hüquqlarını bilməyən, bir həddi olmayan insan qiyama, “baltaya” əl ata bilməz. Təbii ki, qiyamlar yalnız Avropada baş verməyib, lakin digər yerlərdə baş verən qiyamların motivi tamamilə başqadır. Öz hüquqlarını dərindən dərk etməyən, özünə bir hədd formalaşdırmayan insan və cəmiyyətlər kölə kimi yaşamaqdan, absurddan qaça bilmirlər. Bu, niyə bizdə qiyam olmur sualənın cavabı ola bilər. Çünki hüquqlarımızı dərk etmirik, predelimiz yoxdur.

