Multikulturalizm və millətlərarası münasibətlərin inkişaf etdirilməsi…

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik.

Tolerantlıq dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi…

Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Bu anlayış ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibəti nümayiş etdirir. “Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Antik dövrdə tolerantlığın ilkin elementləri özünü göstərirdi: işğaldan sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmalarına icazə verilməsi; işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməsinə imkan yaradılması və s. Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil forması özünü göstərməyə başladı. Bu baxımdan “tolerantia” adlandırılan Latın konsepti “orta əsrlərin yüksək inkişaf etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.

Ölkəmizdə mövcud olan bütün milli azlıqların vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi…

Bu gün Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq, uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikultiralizmin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İkinci dəfə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bugünə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.

Müstəqil Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir

Azərbaycanda multikulturalizm siyasətinin əsasının qoyulması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin tarixi irsinin qorunub saxlanması, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün ümummilli lider geniş hüquqi bazanın yaradılmasını daim diqqətdə saxlayıb. Məhz bunun nəticəsidir ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, daha geniş formada isə “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Konstitusiyamızın 48-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Müasir Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafına Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi mühüm töhfə olub. Mübaliğəsiz demək olar ki, müstəqil Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Uzun illərdir ki, Azərbaycan ayrı-ayrı dinlərə, irqlərə və dillərə məxsus insanların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir dövlət kimi tanınır.

Şəhid, müharibə veteranı və əlil olan qeyri-azərbaycanlılar kifayət qədərdir

Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin formalaşmasında, eləcə də torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı doğma Vətəni saydıqları, burada özlərini azad və sərbəst hiss etdiklərinə görə Azərbaycanın müdafiəsinə qalxıblar. Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşən, şəhid, müharibə veteranı və əlili olan qeyri-azərbaycanlılar kifayət qədərdir.

Bu gün Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin Prezident İlham Əliyev tərəfindən bəyan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi Odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirməsi, bu işdə ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi rola malik olması öz münbit nəticələrini göstərməkdədir.

Rəsmi qurumların bu prosesə cəlb edilməsi…

Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolerantlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir.

Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt olaraq, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır. Bu dəyərlərin iflasa uğradığını və ya təsirsizləşdiyini bildirən şəxslər Azərbaycana gəlib, ölkəmizin praktikada bu modeli necə yaşatdığını görə bilərlər. Məhz bu kontekstdən yanaşaraq, biz ölkəmizdəki multikultural mühitin, dövlət-din münasibətləri modelinin yaxından öyrənilməsinin bütün dünyaya faydalı olacağına inanır və tolerant təcrübəmizi hər zaman bölüşməyə hazırıq.

Bu baxımdan 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi”  bütün dünyada sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycanın son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləməsi, beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməsi buna əyani sübutdur. Rəsmi qurumların bu prosesə cəlb edilməsi dövlətin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.

Azərbaycanın qədim dinlərarası ənənələri vardır…

Ötən ilin 25-26 aprel tarixlərində Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans da sadaladıqlarımıza nümunə sayıla bilər. Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi konfransda dini ayrıseçkiliyin gücləndiyi müasir dövrdə ölkəmizdəki multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti bir daha nümayiş etdirildi.

Ötən il noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Sammitin açılış mərasimində iştirak etdilər. Cənab Prezidentin həmin tədbirdə söylədiyi məzmunlu və mahiyyətli nitqi ölkəmizin bu sahəyə necə önəm verdiyinə daha bir vacib sübut sayıla bilər. Prezident bildirdi ki, bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var: “ Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır. Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar…”

Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini deyiblər.

Məhəmmədəli QƏRİBLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir