Aydın Xan Əbilov: “UNESCO-nun missiya göndərməyə cəhdlər etməsinin məqsədi…”

UNESCO-nun Azərbaycana münasibətində şübhəli ciddi məqam – Azərbaycanın missiya çağırışlarına illərlə baxılmadı, indi əl-ayağa düşüblər…

Uzun illər Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində ermənilər tərəfindən xalqımızın maddi-mədəni irsi, tarixi və dini abidələri qəsdən dağıdılıb, məhv edilib, bir qismi isə erməniləşdirməyə məruz qalıb.

Azərbaycan hələ öz torpaqlarını işğaldan azad etməmişdən əvvəl dəfələrlə erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara, xüsusən də UNESCO-ya müraciətlər edib və həmin bölgəyə missiya göndərməsini istəyib. Lakin UNESCO missiya göndərməyib. Bu ərazilərə missiya göndərmək, faktları araşdırıb ona qiymət vermək, eləcə də həmin abidələrin müdafiəsini, mühafizəsini təşkil etmək birbaşa UNESCO-nun səlahiyyətlərinə aid olsa da, bu qurum heç bir addım atmayıb. Onu da vurğulayaq ki, bəzi UNESCO rəsmiləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində “erməni tarixi irsi”nin qeydinə qalırlar.

Bildiyimiz kimi, Prezident İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı ermənilər tərəfindən vandalcasına dağıdılan Zəngilan məscidinin qarşısında etdiyi çıxışda bu məsələyə xüsusi toxunaraq bildirdi ki, UNESCO heç zaman Azərbaycanın bu barədə müraciətlərinə cavab verməyib.

Halbuki, Azərbaycan ərazilərində ermənilər məscidlərimizə, dini, maddi-mədəni, tarixi-arxeoloji abidələrə qarşı vəhşiliklər törədiblər. 

Az qala 30 il Azərbaycanın müraciətlərinə məhəl qoymayan UNESCO və bəzi dövlətlər Azərbabaycanın qələbəsi ilə başa çatan müharibədən sonra bizim ərazilərimizə missiya göndərməyə can atırlar. 

UNESCO-nun indi Azərbaycanın işğaldan azad edilən ərazilərinə missiya göndərmək cəhdlərinin səbəbi nədir, burada məqsəd nə ola bilər?

  • “Xaricdəki erməni lobbisi, ermənipərəst qüvvələr yalandan hay-küy salıb həyasızlıq edirlər ki, guya Azərbaycanın işğaldan azad edilən ərazilərində xristian abidələrini “böyük təhlükə gözləyir”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, həmin ərazilərdə Ermənistan tərəfindən kitabxanalar, saysız məscid, məbəd, tarixi abidə, saray və muzey dağıdılsa da, muzey eksponatı qanunsuz olaraq bu ölkəyə daşınsa da, UNESCO Ermənistanın bu qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq istiqamətində heç bir iş görməyib. Ekspertin sözlərinə görə, baxmayaraq ki, Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib, lakin bu qurum əməli addımlar atmayıb.

A.X.Əbilov hesab edir ki, UNESCO hər zaman belə məsələlərdə xristian təəssübkeşliyindən çıxış edib. “UNESCO dünyanın bir çox konfliktli zonasında hər zaman Avropa mərkəzçiliyi və xristian dünyasının mövqeyi baxımından hərəkət edib və bu çərçivədə missiyalar təşkil edib. Bilirsiniz ki, UNESCO  Əfqanıstanda, İraqda, Misirdə guya xristianların məbədlərinin qeydinə qalmaq məqsədilə həmin ərazilərə missiya göndərib. Həmin ölkələrin ərazilərində bəzi fundamentalistlər doğrudan da xristian abidələrinin dağıdılmasına rəvac vermişdilər. UNESCO da bu məsələyə xristianlıq nöqteyi-nəzərdən yanaşırdı. Həmin ölkələrin ərazilərində xristian abidələrinin dağıdılmasına etiraz əlaməti olaraq UNESCO tərəfindən müxtəlif bəyanatlar verilib, hesabatlar hazırlanıb və qurum rəsmiləri həmin sənədlərlə üzv dövlətlər qarşısında çıxışlar ediblər. BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı sayılan və dövlətlərarası bir qurum olaraq bu cür bölgələrə missiya göndərməyə, belə faktları qabartmağa UNESCO-nun səlahiyyətləri var. Azərbaycan da hələ müharibədən əvvəl, torpaqlarımız işğalda olduğu dövrlərdə dönə-dönə UNESCO-ya müraciətlər edirdi ki, ermənilər bizim tarixi irsmizi dağıdır, məhv edir, erməniləşdirir, lakin UNESCO buna əhəmiyyət verməmişdi. Baxmayaraq ki, Azərbaycanın rayon, şəhər mərkəzləri dağıdılırdı, tarix-mədəniyyət abidələri, məscidləri məhv edilib. Azərbaycan bu məsələlərin araşdırılması üçün UNESCO-dan Azərbaycanın bu ərazilərinə missiya göndərməsini istəmişdi. Təəssüflər olsun ki, UNESCO-dakı xristian həmrəyliyi və xristian dövlətlərinin Azərbaycana qarşı birləşməsi, eyni zamanda da İslam dünyasına aid olan ölkələrin zəifliyi nəticəsində UNESCO Azərbaycanın müraciətlərinə cavab verməyib. Bu missiyanın indiyə qədər bizim ərazilərimizə göndərilməməsinin əsas səbəblərindən biri də bu təşkilatın başında hər zaman qeyri-müsəlmanların dayanmasıdır. Təsəvvür edin ki, Azərbaycanın müraciətlərinə, bizim ərazilərimizə missiya göndərilməsi təkliflərinə uzun illər əhəmiyyət verməyən UNESCO Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bura missiya göndərmək istəyir. Əlbəttə, UNESCO-nun missiya göndərməyə cəhdlər etməsinin məqsədi heç də Azərbaycan abidələrinin qeydinə qalmasından irəli gəlmir, bu, birbaşa “erməni abidələri”nin vəziyyətinin araşdırılmasına xidmət edir. Halbuki, işğaldan azad edilən ərazilərimizdə bir dənə də olsun erməni abidəsi yoxdur, ermənilərin öz adlarına qələmə verdikləri abidələr, tarixi irs isə Azərbaycanın alban-xristianlıq irsinin nümunələridir”.

A.X.Əbilovun fikrincə, torpaqlarımız işğaldan azad edildikdən və bölgədə Rusiya sülhməramlıları yerləşdirildikdən sonra Rusiyanın erməni lobbisinin, diasporunun təsiri altında olan, onlar tərəfindən maliyyələşdirilən bəzi tanınmış xristian sənət adamları “Dağlıq Qarabağda erməni abidələri təhlükədədir, onlar xilas edilməlidir” tipli müraciətlə UNESCO-ya müraciət ediblər. Bu müraciətdən sonra isə UNESCO-nun əl-ayağa düşdüyünü deyən A.X.Əbilovun sözlərinə görə, buna səbəb xaricdəki erməni lobbisinin həyasızlığı, qondarma, saxta uydurmalarıdır: “Xaricdəki erməni lobbisi, ermənipərəst qüvvələr yalandan hay-küy salıb həyasızlıq edirlər ki, guya Azərbaycanın işğaldan azad edilən ərazilərində xristian abidələrini “böyük təhlükə gözləyir”, UNESCO da ona görə bölgəyə missiya göndərməyə can atır. UNESCO ona görə bölgəyə missiya göndərmək istəyir ki, buradakı xristian abidələrinin vəziyyətini öyrənsin. UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə missiya göndərmək istəməsinin kökündə xristian abidələrinin “taleyindən narahatçılığı” dayanır. Ona görə də UNESCO belə bir arzuda olduğunu ortaya qoyub. Halbuki, UNESCO-nun bundan narahat olmasına heç bir əsas yoxdur. Azərbaycan tolerant, multikultural ölkədir, burada hansısa bir dinə mənsub olan abidələrə qarşı tarixən heç bir təhlükə olmayıb, bu gün də yoxdur. Azərbaycan dövləti müsəlman abidələrinə sərgilədiyi qayğını, diqqəti xristan abidələrinə də göstərir, onları restavrasiya edir, qoruyur. Əlbəttə, UNESCO Azərbaycan dövlətinin icazəsi ilə rəsmi Bakı vasitəsilə işğaldan azad edilən torpaqlarımızda missiya yerinə yetirə bilər. UNESCO-nun işğaldan azad edilən ərazilərimizə göndərməyi arzu etdiyi missiya ermənilər tərəfindən vandalcasına dağıdılan Azərbaycanın mədəni, etnoqrafik, tarixi əhəmiyyət daşıyan təbiət, arxeoloji, mədəniyyət abidələrinin, yer üzündən silinən yaşayış məntəqələrimizin, daşı daş üstündə qalmayan Füzuli, Ağdam kimi şəhərlərimizin vəziyyətini dəqiqliyi ilə görəcək. Bizə də UNESCO-nun missiyasının bu vandalizmi görməsi və qiymətləndirməsi lazımdır. Görək onda bu təşkilat obyektivlik göstərə biləcəkmi? Təklif edərdim ki, UNESCO-nun missiyası bu araşdırmanı Atəşgahdan, Bakının mərkəzində yerləşən erməni kilsəsindən, rus pravoslav, xristian lüteran, katolik kilsəsindən, Şəkinin Kiş kəndindəki məşhur xrisian alban kilsəsindən  başlasın. Bundan sonra isə həmin missiyanı Qarabağa aparmaq lazımdır ki, gedib orada bizim erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi, abidələrimizi, alban kilsələrini görsün. Görsünlər ki, ermənilər Azərbaycan ərazisində necə faşistcəsinə mədəni irs soyqırımı törədiblər. Bundan sonra görək UNESCO-nun ekspertləri hansı bəyanatla çıxış edəcəklər? Bu bizim üçün çox maraqlıdır”.

A.X.Əbilov hesab edir ki, UNESCO-nun Azərbaycana göndərməyi arzu etdiyi missiya ölkəmizə gələrkən hava limanından tutmuş, onların olduqları bütün yerlər, görüşlər, söhbətlər çəkilməlidir və UNESCO-nun saytında yerləşdirilməlidir. A.X.Əbilovun sözlərinə görə, Azərbaycan tərəfi həm bununla bağlı xüsusi hesabat hazırlamalı və həmin hesabatla yanaşı, dövlətimizin bərpa etdiyi katolik, pravoslav, lüteran kilsələrinin, Bakının mərkəzində qoruyub saxladığı erməni kilsəsinin videosu, fotoları UNESCO-nun və digər beynəlxalq təşkilatların saytlarında yerləşdirilməlidir.

İradə SARIYEVA,https://www.baki-xeber.com/siyaset/114155.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir