Həyatını Vətən tarixinə çevirən Lənkəranlı şəhid qəhrəman: Vusal Kazımov

Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulur,eləsi var ki, heç vaxt unudulmur, tarix yazır.
Fani dünyada hamımıza bəxş olunan bir ömür payı var. Alın yazısına,nakam ömür yazılan insan həyatına ən gözəl şəkildə əlvida deməyi bacaran addır şəhid….
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvəni sevir və seçir. O, cənnətin qapılarını şəhidlərin və onları dünyaya bəxş edən valedeyinlərinin üzünə açıq edir.
Xalq tərəfindən qərinələr, əsrlər keçsə belə əsla unudulmayan insanlardır şəhidlər…..
Kazımov Vüsal Kamran oğlu Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirmişdir.
23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləmişdi, 2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə 5-ci kurs bakalavriat səviyyədə təhsil alırdı. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışırdı.
İgid şəhidimiz Vüsal Kazımov xalqımızın başına gətirilən olmazlı müsibətlərə heç vaxt biganə yanaşmırdı,işğalda olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər zaman tələsirdi.Müharibənin ilk günündən cəhbəyə könüllü yollanmışdı.
Həyatın amansız sınaqlarından xəbərsiz olan Kamran müəllim qəhrəman balası Vüsalı həmin gün özü yola salmışdı.
Vətən dardadır,düşmənə aman yoxdur,silaha sarılmağın əsl zamanıdır deyən Vüsal 44 günlük vətən müharibəsində rəşadətlə döyüşərək, qələbənin ağır yükünün altına çiyinlərini cəsarətlə irəli vermişdi.
Füzuli rayonun azad olunmasında böyük şücaət göstərmiş və düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr vurmuşdur.
Yaralı yoldaşlarını, şəhid olanların nəşini düşmənin əlinə keçməsin deyə, uzaq məsafəni qət edərək çiynində dağ cığırları ilə daşıyıb, döyüş meydanından çıxarıb, özü isə yenidən döyüşə qayıtmışdı.
2020-ci il oktyabrın 27-də Xocavənd-Hadrut istiqamətində döyüşlərdə düşmənin top atəşi nəticəsində əsgərləri ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur .
Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhid baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra “Vətən uğrunda “ , “Fizuli rayonunun azad olunması”,”Xocavənd rayonunun azad olunması” uğrunda medalları ilə təltif olunmuşdur. Vüsal Kamran oğlu Kazımov qəhrəman kimi xalqımızın yaddaşında daim uca məqamlı Şəhid kimi xatırlanacaqdır.
Valedeyinlərinin yeganə oğul övladı olsada,müqəddəs qanı ilə tarix yazdı. Nurüzlü şəhidimizdən yadigar təsəlli gül balaları Nurayla, Aynur qaldı.
O, Nuray ki, atasının yoxluğunu dərk edib babası kövrəlməsin deyə susmağı üstün tutub.
Altı aylıq Aynursa sanki atasının şəhid olduğunu hiss edib şəkillərindən yaralarını sığallayır.
Vətənpərvər oğulları ilə qurur duyan,sabaha böyük ümidlərlə baxan ailənin indi bir təsəllisi var,igid şəhidimizin yadigar övladlarını atalarına layiq xoşbəxt böyütmək.

    Bəlkə də...

Heç nəylə sarımaq olmaz yarasın.
Ata nisgilli, körpə ürəyin.
Bir insan ürəyi gərək daş ola,
Bu acı həsrətə, səbrli ola.

Axar gözlərdən qüssəli yaşlar,
Üzlərə iz salar qəmli baxışlar.
Yollara dikilər, çatılar qaşlar,
Ata simasına möhtac qalanda!

Rəsmini götürüb körpə əlinə,
İsti öpüşlərə qərq eləyərsən.
Bəlkədə qəlbində səssiz, səmirsiz,
Susqun bir şəkillə söhbət edərsən!

Bəlkədə axtarır gözlərin onu,
İsti hərarətin,isti nəfəsin.
Bəlkədə gəzirsən hər yerdə yalnız,
Atanın bir şirin “ay qızım”,səsin!

Atanın baxışı köçüb gözünə,
Sənin baxışınla danışır sanki.
Ruhuyla ömürlük məskən salaraq,
Onu sevənlərdə yaşayır sanki!

Sən bir gün dil açıb ata çağırsan,
Sənin harayına atan susacaq!
Keçmiş xatirələr, birdə şəkillər,
Atandan kəlmələr pıçıldayacaq!

Bacınla məlhəmsiz Kamran babaya,
Sizin gülüşünüz ümüd sabaha.
Nənənlə,anana təsəlli verib,
Bir səbəb oldunuz yaşamlarına!

Başınız hər zaman qoy uca olsun,
Atanız el üçün bir qəhrəmandır.
Qürurla içdiyi şəhadətiylə,
Məkanı cənnətdir o, bəxtiyardır!

Leyla Qadir qızı Məcidova,

Lənkəran Dövlət Universitetinin baş müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, şairə YYSİB İH-nin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir