“YUNESKO–nun erməni vandalizmini ifşa etməsi vacibdir” – Aydın Xandan yeni plan!

Aydın Xan Əbilov: “Yeni mədəniyyət konsepsiyamızda Qarabağ mədəniyyətinin tarixi və dağıdılmış abidələrimizlə bağlı xüsusi bəndlər olmalıdır”

“Həmin bəndlərlə əlaqədar dünyada və ölkə daxilində geniş işlər görülməlidir”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YUNESKO-nun ölkəmizə missiyasının göndərilməsi ilə bağlı açıqlama verilib. Qurumdan bildirilib ki, ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib:
“Azərbaycan tərəfi YUNESKO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib.
Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda, üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir.
Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə YUNESKO tərəfindən ilk dəfə olaraq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi” adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin YUNESKO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESKO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı YUNESKO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib.


Vətəndaş Cəmiyyət Alyansı TK-nın rəhbəri, Yeni Yazarlar və Sənədçilər İB sədri, yazıçı-kulturoloq  Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında erməni vandalizminin YUNESKO və digər beynəlxalq təşkilatlar tərəfindən ifşa edilməsinin vacib olduğunu deyib.Kulturoloq vurğulayıb ki, müharibə başlamaz əvvəl avqust ayında Ağdama səfər edərkən çoxlu sayda abidələrimizin dağıldıldığının şahidi olub:

“İkinci Qarabağ savaşı başlayan zaman həm sosial mediada, həm də KİV-lərdə YUNESKO-nun və digər beynəlxalq təşkilatların təcili olaraq Azərbaycana dəvət edilməsini söylədik. Müharibə gedə-gedə dağıdılmış abidələrlə bağlı əldə etdiyimiz faktlarla əlaqədar beynəlxalq mütəxəssislərin rəyinin alınmasının da vacibliyini vurğulamışdıq.
Minlərlə qəbir, inanc yeri, məscidr və tarixi abidə dağıdılıb. Yaxud da bəzi abidələrimizdə qazıntıları aparılıb və çox qiymətli eksponatlarımız oğurlanıb. Bütün bunları daim pisləmişik və YUNESKO-nun mütəxəssislərinin iştirakı ilə monitorinqlərin keçirilməsinin vacibliyini söyləmişdik. İlk baxışdan bizə elə gəlir ki, YUNESKO və digər beynəlxalq təşkilatlar dağıdılmış abidələrimiz barədə nə rəy verə bilərlər.
Amma məlumdur ki, arxivlər, kitablar və muzeylərlə bağlı statistik məlumatlar mövcuddur. Vaxtilə Mədəniyyət Nazirliyimizin oradakı əhəmiyyətli abidələrlə bağlı qeydləri var. Bu abidələr pasportlaşdırılıb”.
A.X.Əbilov bildirib ki, ermənilərin nəinki iqtisadiyyatımıza, ekologiyamıza və rayonlarımıza, həm də tarixi əhəmiyyət kəsb edən abidələrimizə vurduğu ziyanı müəyyənləşdirə, hətta onlardan kompensasiya tələb edə bilərik:
“Eyni zamanda dünya muzeylərinə və bazarlarına qaçaqmalçılıq yolu ilə çıxarılan abidələrimizin bir çoxunu geri qaytara bilərdik. Yalnız xarici mütəxəssislərin yox, həm də bunları mediaya lazımi formada təqdim edə bilən insanlardan da istifadə etmək lazımdır. Xarici mütəxəssislər və yerli jurnalistlərin fəaliyyəti vacibdir. Çünki onların iştirakı olmasa, xarici mütəxəssislər baş verənlərə soyuq münasibət bəsləyə bilərlər. Amma yerli jurnalistlərimiz ən xırda nüansları belə unutmadan dünya mediasında işıqlandırmalıdırlar.
Fikrimcə, yeni mədəniyyət konsepsiyamızda məhz Qarabağ mədəniyyətinin tarixi və dağıdılmış abidələrimizlə bağlı xüsusi bəndlər olmalıdır. Həmin bəndlərlə əlaqədar dünyada və ölkə daxilində geniş işlər görülməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir