17 ildə İlham Əliyevin qurduğu sosial-iqtisadi modelin xarakterik xüsusiyyətləri…
Aydın Xan Əbilov: “Mübaliğəsiz deyə bilərik ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda iqtisadi, sosial, ictimai-mədəni sahədə də güclü inkişaf baş verdi”

Hər bir dövlətin bütün istiqamətlərdə inkişaf etməsi şübhəsiz ki, həmin ölkənin dövlət başçısının yürütdüyü daxili və xarici siyasətdən asılıdır. Prezident İlham Əliyevin 17 illik Prezidentliyi dövründə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, dünyanın sayılıb seçilən, söz sahibi olan nüfuzlu ölkəsinə çevrilib.
2003-cü ildə xalqımız tərəfindən Prezident seçilən İlham Əliyev bu 17 il ərzində qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olub, öz fəaliyyəti, yürütdüyü uğurlu, məqsədyönlü daxili və xarici siyasəti ilə hər bir Azərbaycan vətəndaşının, azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Bu gün Azərbaycan dünyanın güclü ölkələrindən biridir və dövlətimiz buna Prezident İlham Əliyevin misilsiz siyasi və diplomtik bacarığı, iradəsi ilə nail olub.
Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir.
Prezident İlham Əliyev Azərbaycan Prezidenti olduğu bu 17 ildə ölkəmizdə güclü iqtisadi, sosial, mədəni inkişafa nail olunub. Ölkə başçısının rəhbərliyilə ölkəmizdə müasir iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırılıb. Azərbaycan iqtisadiyyatı nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada öz müsbət inkişaf dinamikasına görə yüksək səviyyədədir. Ölkəmizdə sosial-mədəni infrastruktur tamamilə yenilənib, bu istiqamətdə əsaslı işlər görülüb.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə yaratdığı sosial-mədəni inkişaf modelinin xarakterik xüsusiyyətləri hansılardır?
- “Bu iqtisadi, sosial-mədəni inkişaf modelinin memarı cənab Prezidentdir”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, dünyanın çoxqütblü inkişafına nəzər salanda Azərbaycanın bu 17 ildə çox sürətlə, moderncəsinə dəyişdiyinin şahidi oluruq və bu islahatlar, bu dəyişikliklər də ölkə başçısı İlham Əliyevin adı ilə bağldır: “Məhz İlham Əliyev modeli indi dünyada siyasətşünaslar, politoloqlar, tarixçilər və cəmiyyətşünaslar tərəfindən xüsusi araşdırmalara cəlb edilib və öyrənilir. Çox mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan necə olub ki, belə sürətlə inkişaf edib? İndi bu sual ətrafında bir çox araşdırmaçı özlərinin tədqiqat əsərləri üçün çoxlu fakt toplayıb və bu faktlar da bir daha sübut edir ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan son 17 ildə İlham Əliyevin rəhbərliyilə özünün sürətli inkişaf dövrünə qədəm qoyub. Bu yalnız sosial, siyasi, iqtisadi, mədəni, intellektual inkişaf deyil, bu həm də Azərbaycanda bütün sahələrdə dünya səviyyəli modellərin ortaya qoyulmasıdır. Təsəvvür edin ki, Çindən Avropaya qədər “İpək yolu”nun mərkəzi nüvəsi Azərbaycandır. Orta Asiyadan Türkiyəyə qədər nəqliyyat infrastrukturunun mərkəzi nüvəsi yenə də ölkəmizdir. Eyni zamanda, Rusiya ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizinin, ümumiyyətlə, bu münasibətlərin mərkəzində Azərbaycan durur. Bütün bunlar, əlbəttə ki, həm Azərbaycanın sürətlə inkişafına təkan verib, həm də ölkəmizin sürətli inkişafı bu münasibətlərin yüksək səviyyəyə qalxmasına səbəb olub. İslam Əməkdaşlıq Təşkilatında (İƏT) Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin apardığı böyük geosiyasi işlər nəticəsində fars- türk, türk-ərəb, fars-ərəb, şiə-sünnü, Pakistan, Türkiyə-İran konfliktlərinə son qoyuldu və bu amil də İƏT-in inkişafına xüsusi təkan verdi. Cənab Prezidentin istər xaricdə, istərsə də daxildə apardığı siyasət nəticəsində Azərbaycanda Avropa və Asiyanı, xristian dünyası ilə müsəlman dünyasını, Şərqlə Qərbi birləşdirən beynəlxalq humanitar forumlar, sammitlər, mədəniyyətlərarası dialoq forumları təqdirəlayiqdir. Bu tədbirlərdə çoxkonfessiyalı, çoxqütblü və çoxmədəniyyətli dünya bir araya gəldi”.
A.X.Əbilov qeyd etdi ki, eyni zamanda, İlham Əliyevin rəhbərliyilə ölkəmizdə çox dərin və məzmunlu iqtisadi islahatlar, sosial, ictimai-mədəni quruculuq prosesləri gerçəkləşdirildi: ”Mübaliğəsiz deyə bilərik ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda iqtisadi, sosial, ictimai-mədəni sahədə də güclü inkişaf baş verdi və bu sahələrdə həm infrastruktur yenilikləri oldu, həm də dərin islahatlar həyata keçirildi. İqtisadiyyatın, mədəniyyətin, sosial-ictimai sahənin elə bir istiqamətləri yoxdur ki, bu islahalar, yeniliklər ondan yan keçsin. Bütün bunlar, əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin, xalqımıza sevgisinin, xalqımıza qayğı siyasətinin bariz nümunəsidir. Xalqın Prezidentə inam və etimadı, sevgisi tükənməzdir, Prezident də bu 17 ildə xalqımıza verdiyi bütün vədləri çox yüksək səviyyədə doğrultdu. Bilirik ki, bunun nəticəsində Azərbaycan son 30 ildə, daha dərinə getsək, 200 ildə əldə edə bilmədiyi böyük bir uğuru əldə etdi. Bu da Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsi məsələsidir ki, bunu İlham Əliyev etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Məhz İlham Əliyevin istər BMT-də, istər Qoşulmama Hərəkatında, istərsə də digər beynəlxalq təşkilatlarda apardığı siyasət nəticəsində Azərbaycanın haqq səsi eşidilməyə başladı”.
A.X.Əbilov hesab edir ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin yalnız daxili inkişafı baş verməyib, həm də Azərbaycanın maddi və qeyri-maddi irsinin, abidələrinin, sənət hadisələrinin böyük bir hissəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib: “Biz bu siyahıya nəzər salsaq görəcəyik ki, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nəinki daxildə, xaricdə də çox möhtəşəm layihələrə imza atıb və 55 milyonluq azərbaycanlını birləşdirən bir ölkəyə çevrilib. Bu iqtisadi, sosial-mədəni inkişaf modelinin memarı cənab Prezidentdir. Prezident peşəkar siyasətçi olanda, Prezidentin aldığı təhsil və tərbiyə yüksək səviyyədə olanda, o, ənənələrə sadiq qalanda və onları inkişaf etdirəndə, əlbəttə ki, dövlət inkişaf edəcək”.
A.X.Əbilov deyir ki, MBD ölkələrində bir sıra problemlər mövcuddur, Ukraynanın, Gürcüstanın, Moldavanın ərazi problemləri var, Belarusda vəziyyət ürəkaçan deyil, amma bunların fövqündə Azərbaycanda böyük inkişaf müşahidə edilir: “Azərbaycanda sabitlik, sürətli inkişaf, xalqla hakimiyyət birliyi, eləcə də ölkənin siyasi partiyalarının belə, Qarabağ münaqişəsinin həllində ölkə başçısına, Ali Baş Komandana dəstək verməsi bir nümunədir. Həmçinin də siyasi partiyalar da Ali Baş Komandanın Qarabağ məsələsində olduğu kimi, xarici siyasətdə, Türkiyə-Azərbaycan, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-Avropa, Azərbaycan-Amerika məsələlərində eyini fikirdə olması dediklərimizə məntiqli əsasdır. Bu baxımdan, hesab edirəm ki, artıq inkişafımızın yeni mərhələsi başlayır. Bilirsiniz ki, Azərbaycanda çox maraqlı proseslər gedir. Pandemiya dövrü olmasına baxmayaraq, Azərbaycanda çox sürətlə dünyaya yönələn inkişafa səbəb olacaq inteqarsiya və innovasiyanın gedişatını görürük. Elektron hökumət, elektron biznes, elektron təhsil, kənd təsərrüfatının innovativ inkişafı, sahibkarlığa, qeyri-neft sektoruna dövlət dəstəyi mövcuddur, ən əsası isə insan kapitalının inkişafı Azərbaycanın sürətli çiçəklənməsinə aparıb çıxarır. İnanıram ki, zəfərimizin memarı olan cənab Prezident son 17 ildə, ondan əvvəlki dövrlərdə də, müxtəlif vəzifələrdə çalışdığı illərdə dövlətimizə böyük faydalar verib. Cənab Prezidentin müəyyənləşdirdiyi bu yolla qətiyyətlə addımlasaq, xarici təsirlərə düşməsək, yaxın gələcəkdə Azərbaycan nəinki Şərqdə, eləcə də Avropada, dünyada inkişaf etmiş bir dövlətə çevriləcək. Baxın, Azərbaycanın həm Şərqdə, həm Qərbdə, həm xristian, həm də islam dünyasında, hətta dünyanın bir çox dövlətinin konfliktdə olduğu İsraillə münasibətdə böyük uğur əldə etməsi, nümunə göstərməsi təqdirəlayiq haldır. Azərbaycanda multikulturalizmin, tolerantlığın, mədəniyyət və incəsənətin, idmanın, elmin-texnologiyaların inkişafı, ölkəmizin bir sıra sərhədyanı yerlərində azad iqtisadi zonaların salınması, texnoparkların yaradılması məhz dediyimiz bu inkişafdan xəbər verir, yaxın gələcəkdə biz bunun səmərəsini, faydasını daha çox görəcəyik” – deyə A.X.Əbilov qeyd etdi.
İradə SARIYEVA,https://www.baki-xeber.com/siyaset/113758.html

