YYSİB və VCA sədri Aydın Xan (Əbilov): “Prezident yanında İnternet Şurası yaradılsın.”
İnternetdən qazandığımız xəzinə (ARAŞDIRMA)
Kitabsız kitabxanaları əlverişli edən nədir?
Bir neçə tanışımdan axırıncı dəfə hansı kitabı oxuduqlarını soruşdum. Məlum oldu ki, çoxu axırıncı kitabı nə vaxt oxuduğunu xatırlamır. Bu son illərin ən aktual problemidir. Bu cür yüzlərlə, minlərlə gənc var ki, hərə bir səbəbdən kitab oxumur. Bəziləri vaxtın olmamasından şikayətlənir, bəziləri kitabların maraqsızlığından, bir qrup isə kitaba həvəsinin olmamasını, digər qism kitabın baha olmasını əsas gətirərək kitab oxumur. Axır vaxtlar kağız kitablara laqeydlik müşahidə olunur. Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına da öz təsirini göstərə bilib. Artıq oxucular kağız formatda kitablara yox, elektron kitablara üstünlük verirlər.
Yeni Yazarlar və Sənətçilərİctimai Birliyinin sədri, Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovun Yenimedia.net sosial portalına bildirdiyinə görə, elektron kitabxanaların yaradılması prosesinə Azərbaycanda nisbətən gec başlanılıb. Onun sözlərinə görə, hal-hazırda bütün dünyada uşaq bağçalarından, məktəblərdən tutmuş Prezident Administrasiyasına qədər bütün qurumların elektron ofisi və ya sayt-portalı var. “Qonşu ölkələrdə 10 minlərlə elektron kitabxana olduğu halda, bizdə cəmi 3-4 elektron kitabxana var. AMEA-nın M.F. Axundov adına kitabxananın elektron variantı var. Kitabxana.net portalı sonradan yaradıldı və burada 2000-dən artıq elektron kitab yerləşdirilib”.
Onun sözlərinə görə, artıq Azərbaycanda elektron kitab oxucularının sayı artıq 3%-dən 7%-ə çatdırılıb. İnsanlar virtual kitabları yaxşı mənimsəyə bilirlər və buna üstünlük verirlər. Təkcə kitabxana.net portalının 2200000-ə yaxın oxucusu var. Ən çox oxunan kitablara gəlincə A. Əbilov bildirdi ki, dərslik və müxtəlif sahələrə aid elmi kitablar daha çox oxunur. O cümlədən, uşaq kitabları, detektiv əsərlər, sevgi romanları, dünyanın tanınmış brendləri də oxucular tərəfindən maraqla qarşılanır. Fantastik əsərlər bizdə nisbətən az oxunur.
Elektron kitabxanaların üstünlüklərinə gəlincə, A. Əbilov bildirdi ki, kitablar az tirajla çap olunur, amma elektron kitabxanalardan bütün düyada yaşayan 50 milyon azərbaycanlı, 300 000 000 türk dünyası istifadə edə bilər. Azərbaycanlılar bütün dünyaya səpələniblər buna görə, bizə elektronlaşma daha vacibdir. Üstünlüyü həm də odur ki, dərsliklər bəzən baha olur, tələbələr bunu ala bilmir, bəzən sayı az olur, tapılmır. Elektron kitabxanaların olması çox yaxşı haldır. Zaman və məkan problemini həll edir.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, elektron kitabxanalara tələbat son dərəcə böyükdür. Onun sözlərinə görə, elektron kitabxanaların inkanları daha genişdir. “İnsanlar avtobusda gedərkən də bundan istifadə edə bilər. Elektron kitabxanalara tələbat sonsuzdur. Sayının çoxluğu baxımından, kitabxananın zənginliyi baxımından ənənəvi kitabxanalardan çox zəifidir. Gənc oxucuların texnika vərdişləri çoxdur. Gənclərimiz mobil telefon, planşetlər vasitəsilə elektron kitabları oxuya bilirlər. Kitabxanaya gələn yaşlı nəsil isə hətta kitabların elektron kataloqu belə axtarmaqda çətinlik çəkirlər. Yaşlı nəsil, texnikadan nisbətən aralı düşən insanlar daha çox kitabları sevirlər”.
Onun sözlərinə görə, ənənəvi kitabxanada olan fond dolğunluğu elektron kitabxanada yoxdur. Hansı kitablar daha çox soruşulursa, həmin kitabların da elektron variantını hazırlanır. Əgər kitab müəllifi sağdırsa, biz onların razılığını alandan sonra elektron variantını hazırlayırıq.
Elektron kitabların hazırlanması həm də vaxt aparır, kadrlar məsələsi var. Azərbaycan kitabxanaları 2000-ci ildən beynəlxalq elektron şəbəkəyə qoşulub. Bizdə bütün dünyada olan elektron kitabxanalara çatmaq üçün zaman lazımdır. Müxtəlif oxucular, elə ənənəvi kitabxanalara müraciət edən qədər oxucu müraciət edir.
Aydın Xan Əbilovun sözlərinə görə, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdə çoxillik plan hazırlanır ki, indiyə qədər yaradılmış olan bütün mətnlər elektron varianta köçürülsün. Mütəxəssis hesab edir ki, bizdə də yaxşı olardı ki, Prezident yanında internet şurası yaradılsın. Azərbaycandilli internet resurslarının, xüsusən də, intellektual və kreativ istiqamətdə inkişafına qrantlar ayrılsın: “Bəzən adamlar bizi düzgün başa düşmürlər. Nizami Gəncəvinin “İsgəndərnamə”sinin və ya “Leyli və Məcnun” əsərini kağız və ya elektron variantda olmasının nə fərqi var? Biz elektron kitabı təbliğ edəndə, onun məzmununa qarşı çıxmırıq”.
Hazırladı: Ayxan Ə.

