Azərbaycanlı qəbirlərindən oğurlanmış qızıl dişlər Ermənistanın qızıl ixracının hansı hissəsini təşkil edir…
Aydın Xan Əbilov: “…onun neçə faizini azərbaycanlıların qəbirlərindən götürülən qızıl dişlər təşkil etdiyini demək çətindir”
İşğal dövründə Azərbaycan ərazisində olan bütün qəbiristanlıqların ermənilər tərəfindən vandalcasına dağıdılıb yerlə yeksan edilməsi, bəzilərinin isə, ümumiyyətlə, yer üzündən silinməsi faktdır. Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan və başqa rayonlarımızda, eləcə də Dağlıq Qarabağda ermənilər azərbaycanlıların məzarlıqlarını dağıdıblar.
Bəzi ekspertlər, eləcə də məlumatlı şəxslər deyirlər ki, ermənilər qəbiristanlıqlarımızı söküb dağıdıblar və məzarlıqlardan ölülərin sür-sümüyü arasından onların qızıl dişlərini yığıblar, azərbaycanlı ölülərin qızıl dişlərini təkrar emal ediblər, bunu da ixrac etdikləri qızıla vurublar. Bundan əlavə, bəzi məlumatlara görə, ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarda etdikləri kimi, Qərbi Azərbaycanda da qəbirləri söküb çürümüş nəşlərin üstündən qızıl dişləri götürüblər.
Məlumatlı şəxslər qeyd edirlər ki, Ermənitsanın dünya bazarına ixrac etdiyi qızılın mənbələrindən birini də azərbaycanlı qəbirlərindən götürülən qizil dişlərdir. Ekspertlər deyirlər ki, bu, Ermənistanın dünya bazarına çıxardığı qızılın müəyyən faizini təşkil edir. Amma, bütövlükdə, Ermənistan dünya bazarına Azərbaycanın torpaqlarından qanunsuz yolla çıxardığı qızılları istehsal edərək ixrac edib, bununla da böyük cinayət törədib.
- “Erməni “goreşən”lərin məzarlarımızı sökərək orada dəfn edilən insanlarımızın qızıl dişlərini götürməsi ilə bağlı mövcud olan məlumatlar…”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, biz son 30 ildə Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyini, Qərbi Azərbaycandan 250 mindən artıq soydaşımızı didərgin saldığını, o cümlədən də işğal altında saxladıqları torpaqlarımızda dünyada analoqu olmayan qanunsuzluqlarını, cinayətlərini gördük. “Ermənilərdən nə desən gözləmək olar. Çünki onlar son 30 ildə bizə qarşı o qədər cinayət törədiblər ki, bunu bizimlə yanaşı, dünya KİV-i, dünya ictimaiyyəti, beynəlxalq müşahidəçilər, bir sözlə, hamı görüb, hamı müşahidə edib. Hətta bəzi beynəlxalq təşkilatlar, KİV Ermənistanın bu qanunsuzluqlarını,vandalizmini kəskin tənqid ediblər. Birinci Qarabağ müharibəsi qazilərindən də, məcburi köçkünlərin də bir çoxundan eşitmişik ki, ermənilər azərbaycanlıları öldürdükdən sonra onların nəinki üzərindəki qızılları götürürdü, hətta qızıl dişlərini belə sökürdülər. Bundan başqa, ermənilərin Azərbaycan türklərinə aid qədim qəbiristanlıqlardan da qızıl axtardıqları barədə çox danışılır. Ermənilər qəbiristanlıqlarımızdan tutmuş, Azıx, Tağlar kimi qədim insan məskəni olan mağaralarımıza qədər hər yerdə vandalizm aktları törədiblər. Şahidlərin bəziləri danışırdılar ki, vaxtilə qondarma “DQR”dəki xuntanın “rəsmi nümayəndələri” olan Köçəryan, Sərkisyan və digərləri “goreşən”lər dəstəsinə rəhbərlik ediblər, hətta Şərq ölkələrindən gələn muzdlular da qəbiristanlıqlarımızın dağıdılmasında, qızıl dişlərin toplanmasında aktiv iştirak ediblər. Yəqin muzdlu döyüşçülərə ermənilər məlumat verirdilər ki, Azərbaycan məzarlıqlarında qəbirlərdə qızıl dişlər var. Ona görə də muzdlular qədim məzarlıqlarımızdan tutmuş, Azıx mağarasına qədər ermənilərin apardıqları qanunsuz qazıntı işlərinə qoşulublar. Onlar azərbaycanlıların qəbirlərini açıblar, orada dəfn olunan insanların sür-sümükləri arasından qızıl dişləri yığıb götürüblər, ölülərin ağ və qara mərmərdən, eləcə də digər qiymətli daşlardan olan baş və sinə daşlarını götürüblər, üzərlərini silərək satıblar. Bu haqda da çox danışılır. Bəzi təsdiqlənməmiş məlumatlara görə, Ermənistan həmin mərmər baş və sinə daşlarını Yaxın Şərq ölkələrinə satıb. Eyni zamanda, onu da deyim ki, bizim hələ tədqiq edilməmiş kurqanlarımızı, alban kilsələrini, tərəfimizdən tam öyrənilməmiş abidələrimizi məhv etdilər, bəzilərini isə erməniləşdirdilər”.
A.X.Əbilov hesab edir ki, ermənilər təkcə məzarlıqlardan qızıl dişləri çıxarıb satmayıb, həm də evlərimizdə, muzeylərimizdə və başqa yerlərimizdə olan qızıl-ziynət əşyalarını, rəsm əsərlərini, bahalı eksponatları, xalçaları qarət edərək dünya bazarlarında satıblar. Azərbaycan xalqı həm öz, həm də başqasının ölüsünə də, dirisinə də ehtiramla yanaşır. Bizim işğal altında olan qəbiristanlıqlarımızın ermənilər tərəfindən dağıdılması və erməni “goreşən”lərin məzarlarımızı sökərək orada dəfn edilən insanlarımızın qızıl dişlərini götürməsi ilə bağlı mövcud olan məlumatlar cəmiyyətimizi çox ciddi narahat edir.
Hətta müxtəlif araşdırmalara və məlumatlara görə, məzarlardan yığılan bu qızıl dişlər İrəvana göndərilib. Bilirsiniz ki, hələ Sovet dövründə İrəvanda iri qızıl emalı, istehsalı müəssisələri var idi. Bundan əlavə, zirzəmilərdə xüsusi gizlin qızıl emalı sexləri fəaliyyət göstərirdi, bu sexlərin bir çoxunun indi də fəaliyyət göstərdiyi haqda müəyyən məlumatlar var. Həm qəbirlərdən götürülən qızıl dişlər, həm qəbirüstü abidələr təkrar emal edilmək üçün İrəvana göndərilirdi. Qızıl dişlər təkrar emala cəlb edilərək dünya bazarına ixrac edilən qızıl məmulatlarıdır. Bu haqda çox danışılır. Bundan başqa, Xankəndi ətrafındakı mərmər yataqlarından çıxarılan mərmər, qiymətli filiz və metal əşyalar, o cümlədən də Kəlbəcərdə və digər yerlərimizdəki qızıl yataqlarından çıxarılan qızıllar xammal şəklində İrəvana daşınırdı. Bunlar gizlin deyil, bu işə erməni xuntası rəhbərlik edirdi. Deyim ki, Ermənistandan qızıl məhsulları əsasən qara bazarlara ixrac edildiyi üçün onun neçə faizini azərbaycanlıların qəbirlərindən götürülən qızıl dişlər təşkil etdiyini demək çətindir. Xunta rejimi əsasən qara bazarla işləyib və öz cinayətlərini həm də bu şəkildə ortaya qoyub” – deyə A.X.Əbilov qeyd etdi.
İradə SARIYEVA,
https://www.baki-xeber.com/siyaset/111146.html

