Müharibə zamanı mülki sakinlər nə etməlidir? – VACİB MƏQAMLAR

Tarixən müharibələrdə müharibənin iştirakçıları tərəflərin kişi cinsindən olan və müəyyən yaş aralığındakı vətəndaşları olub. Ənənəvi olaraq müharibə edən tərəflərin hərbi qulluqçularının uyğun olaraq öz rolları və vəzifələri mövcuddur.

Müharibə zamanı sivil şəxslər, yəni ölkənin müharibədə birbaşa iştirak etməyən vətəndaşları əsasən uşaqlar, qadınlar, yaşlı şəxlər və əlilliyi olan şəxslər olur.

Hal-hazırda dünyanın bir çox dövlətlərində də səfərbərlik zamanı müharibəyə kişi cinsindən olan və 18 yaşdan yuxarı şəxslər cəlb edilir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə, səfərbərlik zamanı ehtiyatda olan 18-35 yaşlı kişi cinsindən olan şəxslər müharibəyə cəlb edilə bilər. Dünyanın bir neçə dövlətində qadınların da müharibəyə cəlb olunması praktikası mövcuddur. Dünyanın bir çox ordusunda qadınlar fərqli rollar alsalar da, aktiv cəbhədə xidmət edən ölkələrin ordularının sayı azlıq təşkil edir. Qadınlara aktiv cəbhə verən ölkələr sırasına Yeni Zelandiya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsrail və İsveçrə daxildir. ABŞ qadınlardan çox vaxt döyüş pilotu kimi istifadə edir, Böyük Britaniya isə qadınlardan xüsusi olaraq artilleriya missiyaları üçün istifadə edir.

Uşaqların hərbi əməliyyatlara cəlb edilməsi isə beynəlxalq konvensiyalarla qadağan edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan dövlətlər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənarda tutulması barədə öhdəlik götürüb. Buna baxmayaraq müxtəlif ölkələrdə fəaliyyət gösətən qeyri-qanuni təşkilatlar, terror qruplaşmaları uşaqlardan hərbi əməliyyatlar və hücumlar zamanı istifadə edib. “Human Rights Watch” təşkilatının 2007-ci ilin iyul ayında təqdim etdiyi hesabatda qeyd olunur: “Dünyanın iyirmi ölkəsində uşaqlar birbaşa müharibənin iştirakçıları olublar. 200.000-300.000 arasında olduğu təxmin edilən bu uşaqlar uşaqlıqdan məhrumdurlar və müasir silahlı qarşıdurmalarda tez-tez üsyançı qruplarda və dövlət qüvvələrində əsgər olaraq xidmət edirlər, uşaqlıqlarından məhrum olurlar və çox vaxt dəhşətli zorakılıqlarla qarşı-qarşıya qalırlar”.

Beynəlxalq humanitar hüquq hərbi əməliyyatlarda xüsusi ayrıseçkilik tətbiq etmir, o, iştirak etməyən bütün insanları, başqa sözlə mülki şəxsləri və döyüşlərdə iştirak etməyən şəxsləri qoruyur. Ancaq bu, humanitar qanunda əhalinin müəyyən kateqoriyalarının xüsusi həssaslığı və spesifik ehtiyacları nəzərə alınmadığı anlamına gəlmir. Həqiqətən, qadınlar və uşaqlar üçün xüsusi qorunma təmin edən qaydalarla yanaşı, yaşlılara aid bəzi müddəalar var.

Sevindirici haldır ki, uşaqları silahlı qruplara cəlb etmək təcrübəsi yaşlı insanlara şamil edilməyib, buna görə onların hərbi əməliyyatlarda iştirakı halında xüsusi müdafiəni təmin etməyə və ya Üçüncü Cenevrə Konvensiyasına yaşlılar üçün müddəaların daxil edilməsinə ehtiyac yox idi. Beynəlxalq humanitar hüquq, fərdin qocalığını müəyyən edən yaş haqqında heç bir şey söyləmir.

Müasir dövrdə müharibələrin təbiətində baş verən dəyişikliklərə görə vətəndaşların müharibədə hansı rol oynamalı olduğu, onların vəzifələrinin nə olması problem olaraq qalır. Məsələn, artıq dünyanın bir çox dövlətlərində vətəndaş müharibələri mövcuddur. Belə olan halda həm onların beynəlxalq humanitar hüquq kontekstində qorunması çətinləşir, həm də onların hansı rol oyanmalı olduğu problemli olur. Çünki, belə olan halda mülki şəxs və mülki olmayan şəxsi fərqləndirmək çətin olur.

Bütün bunlar beynəlxalq hüququn və onun subyektlərinin mülki şəxsləri qoruması haqqında müddəalar və qeydlərdir. Amma müharibə dövründə qeyd olunan şəxslərin də yerinə yetiməli olduğu bir sıra vəzifələr mövcuddur. Bəzən mülki şəxslər müharibə zamanı yarana biləcək təhlükəni ehtimal edə bilmədikləri üçün məsuliyyətli davranmağa çalışmırlar və bu da öz növbəsində həmin şəxsin özünün və hətta dövlətin təhlükəsizliyinə təhdid yarada bilər.

Hal-hazırda dünyanın müxtəlif yerlərdə saysız-hesabsız müharibələr gedir. Ön cəbhələrdə, xəndəklərdə zabit və döyüşçülərin həyatı dəhşətli olsa da, müharibə zamanı mülki həyat da asan deyil. Müharibə günahsız insanların şüuruna və bədənlərinə böyük zərər verir və yenə də bu insanlar səbr edir.

İnsanlar bəzən nə vaxt düşəcəyi bəlli olmayan bomba və ya raketin qorxusu altında yaşayırlar. Toqquşma xəttinə yaxın insanların gecə rahat yatmadığını təxmin etmək elə də çətin deyil.

Hərçənd belə fövqəladə çətinlik qarşısında bir çox mülki şəxs güclü olmağa müvəffəq olur. İkinci Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi zamanı Asiya ölkələrində yaşayan mülki insanlar çayxanalarda və hamam otağında rahatlıq tapdılar. Eynilə, Vətəndaş Müharibəsi illərində həm Şimali, həm də Cənubi Amerikalılar müharibənin vəhşiliklərini komik şəkildə görürdülər: ölümün böyüklüyü barədə fərdi və açıq şəkildə zarafat edirdilər.

Aydındır ki, Qəzzada hər an raket düşməsi təhlükəsi altında yaşayan mülki insanlar qorxmaqdan başqa bir şey etmək üçün az fürsət tapdılar. Müharibə vaxtı Qarabağda, Ukraynada, Qəzzada məktəblərə hücum edildi, mədəniyyət abidələri dağıdıldı. Amma bütün bunlara baxmayaraq bu müharibələrdən sağ qurtulan insanlar həyatlarına davam etmək məcburiyyətindədirlər. Mülki insanlar başa düşürlər ki, müharibənin bitməsini gözləmək həyatı mənasız edir.

Müharibələr zamanı qələbənin qazanmasında hərbi qulluqçular əsas rol oynasa da, mülki vətəndaşların da rolu danılmazdır. Dünyanın bir neçə ölkəsində orta və ali məktəblərdə tələbələrə “Müharibə dərsləri” adlı mövzular tədris olunur. Müharibə dərslərinə kapital qoyuluşu yalnız müharibə deyil, həmçinin digər fəlakətlər zamanı da kömək edə bilər.

Sağ qalmaq bacarığı olan vətəndaşlar müharibənin qazanılmasında olduqca əhəmiyyətli faktordur. Amerika nəşrlərindən biri II Dünya Müharibəsində ABŞ vətəndaşlarının davranışlarını əks etdirən bəzi məqamları qeyd edib:

1. Müharibə zamanı və sonrası mübadilə prosesi olduqca vacibdir. Aydındır ki, müharibə özü ilə bərabər iqtisadi problemlər gətirir. Bu problemlər qələbə və ya məğlubiyyətdən asılı olmayaraq həm müharibə zamanı, həm də müharibədən dərhal sonra hiss edilir. Bu problemlərə qiymətlərin baha olması, məhsul çatışmazlığı kimi iqtisadi məsələlər daxildir.

Belə iqtisadi problemlərin öhdəsindən gəlmək olduqca çətindir, amma ekspertlər bunu nisbətən həll etmək üçün mübadilə edilməsini məsləhət görür. Bəşəriyyət natural təsərrüfat dövründə məhsul mübadiləsini praktikadan keçirib. Doğrudur həmin vaxt vəziyyət fərqli olsa da, bu insanlarda mübadilə instinkti yaradıb. II Dünya Müharibəsi zamanı insanların artıq məhsullarını verərək öz ehtiyac duyduqları məhsulları alması bunun bariz nümunəsidir.

II Dünya Müharibəsi illərində insanlar əsasən siqaret, spirt, tütün mübadilə edirdi. Siqaret əsasən hərbi qulluqçular tərəfindən mübadilə edilirdi. Bəzi ordular hətta siqareti hərbi qulluqçuların rasionuna əlavə etmişdi. Qeyd olunmalıdır ki, hərbi qulluqçular siqaretdən təkcə çəkmək üçün istifadə etmirdi. Bundan əsasən parazitləri uzaqlaşdırmaq, diş ağrısının qaşısını almaq və yaralanma zamanı qanaxmanın qarşısını almaq üçün istifadə edirdilər.

Bu zaman bacarıqlı dəmirçilər, dülgərlər, həkimlər, diş həkimləri, əkinçilər, balıqçılar, mexaniklər, tibb bacıları, su tesisatçıları və ovçular xeyir götürdülər.

Müharibə illərində insanların nəyə ən çox ehtiyac olduğunu, nəyi mübadilə etdiyini öyrənə bilsəniz, gələcəkdə ən çox nəyin qiymətinin qalxacağını ehtimal etmək asandır. Məsələn, Roma əsgərləri müharibə vaxtı əsasən duzu mübadilə edirdilər, amma II Dünya Müharibəsi zamanı duz elə də çox ehtiyac duyulan bir şey deyildi.

2. Qida müharibə zamanı əsas silahdır və İkinci Dünya müharibəsi bunu sübut etdi. Henry A. Kissincerin də məşhur ifadəsində deyilir: “Qidanı idarə edən dünyanı idarə edir”. Ehtimal olunan müharibədən əvvəl mümkün qədər taxıl ehtiyatlamaq həm ordular, həm də mülki şəxslər üçün olduqca vacibdir.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı taxıldan bioloji silah kimi də istifadə edilib. Yaponiya taxıla vəba xətəliyi daşıyan parazitlər bulaşdırmışdı. Həmin taxıllar ehtiyacı olan Çin əhalisinə müxtəlif yollarla göndərilmişdi.

“Qida bir silahdır, onu israf etməyin! Ağıllı itifadə edin, diqqətlə bişirin, hamısını yeyin”.

3. Müharibə zamanı yaşamaq üçün əhval-ruhiyyə vacibdir. Belə dövrdə insanlar öz vətənpərvərliyini müxtəlif yollarla göstərirdi. II Dünya Müharibəsi hər kəsə yeni yaşam tərzi və yeni vərdişlər öyrətdi. Məsələn, uşaqlar özlərini kiçik əsgərlər hesab edirdilər. ABŞ-da gənclər hərbçilər üçün gündəlik əşyalar yığırdılar və ya qida təminatına əlavə etmək üçün bağların əkilməsinə kömək edirdilər.

Məşhur bir ifadədə deyilir ki, xalqın dəstəyini hiss etməyən ordu qələbə qazana bilməz. Buna görə müharibə zamanı əhali orduya onun işinə mane olmamaq şərti ilə əlindən gələn yardımı etməlidir.

Bundan başqa müharibənin nə vaxt bitəcəyini hesablamaq olmur. Buna görə əhval-ruhiyyəni yaxşı saxlamaq lazımdır.

4. İnsanlar müharibə dövründə sağlamlığına xüsusi diqqət yetirməlidir. Çünki müharibə zamanı əsas yük xəstəxanaların və digər tibb məntəqələrinin üzərinə düşür. Xəstəliyi olan adamlar xəstəxanalarda yer tapa bilməyə və ya təhlükəli olmayan bir xəstəlik üçün potensial yaralı hərbçinin yerini tuta bilər.

5. Təkrar emal həmişə vətənpərvərlikdir! II Dünya Müharibəsi zamanı uşaqlar təkrar əşyalar yığmaqda kömək edirdilər. Həmin əşyalar silah düzəltmək üçün qalay və qırıntı metal olurdu. Müxtəlif məqsədlər üçün rezin məhsulların yığılması da məşhur hadisə olub.

Təkrar emal vətənpərvərlikdir və hər zaman dəbdədir. Əlinizdən gələni edin və təkrar istifadə etmədiyiniz şeyləri yenidən istifadə etməyi öyrənin.

6. Xərclərinizi cilovlayın. Müharibə zamanı lazımsız xərclərdən imtina etmək, pula qənaət etmək lazımdır. Müharibənin nə zaman bitəcəyi və müharibə sonrası iqtisadi vəziyyətin nə qədər çətin olacağı məlum deyil.

7. Müharibə zamanı əkinçiliklə məşğul olmaq daha faydalıdır. Bununla mülki insanlar həm qida ehtiyacların qarşılayar, həm də digər ehtiyaclarını qarşılamaq üçün mübadilə vasitəsi kimi istifadə edə bilər.

Artıq XXI əsrdir, internet insanların həyatının demək olar ki, ayrılmaz hissəsinə çevrilib. Buna görə müharibə zamanı bir sıra dövlətlər döyüş bölgəsində internetin məhdudlaşdırılması barədə tədbirlər görə bilər. Döyüş bölgəsindən kənarda isə mülki insanlar daha məsuliyyətli davranmalıdır. Sosial şəbəkələr artıq dezinformasiyanın rahat yayıldığı məkana çevrilib. Buna görə sosial şəbəkələrdə inandırıcı olmayan, dövlət tərəfindən dəqiqləşdirilməyən məlumatları paylaşmaq manipulyasiyaya, hətta döyüşün gedişatına səbəb ola bilər.

Müharibə şəraitində yaşayan dövlətlər və digər strukturlar müharibə zamanı insanların psixiloji vəziyyətinin qorunması üçün əvvəlcədən psixoloji təlimlər keçməlidir.

Firuz Bağırov
Ordu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir