Paşinyanı və Ermənistanın psixo-kultural analizi verildi
Paşinyanı anekdot personajına çevirən qeyri-ciddi siyasi və qeyri-siyasi davranışlar…
Aydın Xan Əbilov: “Hakimiyyəti idarə etməyi bacarmayan, siyasətdən xəbərsiz olan Paşinyanın hər bir siyasi və qeyri-siyasi hərəkəti…”
Ermənistanın Baş nazirinin özünü siyasətçi kimi deyil, kloun kimi aparması heç kəsin diqqətindən yayınmır.
Paşinyanın həm şəxsi keyfiyyətləri, həm siyasi “gedişləri” onun naşılığını, nadanlığını ortaya qoyur. Onun həm siyasi, həm də siyasətdən kənar davranışları həmişə gülüş obyektinə çevrilib, onunla bağlı çoxlu lətifə yaranmasına səbəb olub. Bu gün dünyanın heç bir yerində Paşinyan qədər lağ obyektinə çevrilən, məsxərəyə qoyulan, lətifə qəhrəmanına çevrilən ikinci bir dövlət rəhbəri yoxdur. Bu adam haqqında o qədər lətifə, fotomontaj edilən şəkil, xüsusi hazırlanan video var ki, saymaqla qurtarmaz.
Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Paşinyan anekdot personajına çevrilib. “…Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, anekdot personajına çevrilib. Açın baxın, sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”.
“Baş nazir olaraq da özünü “sosial şəbəkə qəhrəmanı” kimi aparır”Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a dedi ki, son illər informasiya texnologiyaları həyatımıza sirayət edib. “O cümlədən də siyasətə, geopolitik proseslərə çox təsir göstərib. İntellektual ölkələrdə informasiya texnologiyalarını, bu istiqamətdəki yenilikləri daha çox elmin inkişafına yönəltdilər və bu da müsbət nəticələr verdi. Amma bir çox ölkədə bundan bir texnoloji alət kimi isifadə edilməyə başlandı. Heç kimə sirr deyil, artıq Rusiyada da, Türkiyədə də, Ermənistanda da bunu deyirlər ki, Paşinyan kimi siyasətə dəxli olmayan bir adam bloger kimi daha çox yeniyetmələrə ünvanlanan tvitləri ilə “Facebook” və “Instagram” materialları ilə tanınıb. Paşinyan Ermənistanda baş verən virtual inqilab zamanı kreativ bir “siyasi qəhrəman” olaraq hakimiyyətə gətirildi. Biz ona daha çox cizgi filminin qəhrəmanı kimi yanaşa bilərik. Paşinyanı əsas maliyyələşdirən ABŞ-ın məşhur milyarderi Soros idi. Çünki Soros fikirləşirdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ondan bir alət kimi istifadə edəcək. Soros Ermənistandan qabaq Gürcüstanda və Ukraynada bunu etmək istədi, amma gürcülər və ukraynalılar qədim və oturuşmuş millətlər olduğundan, bunlar dövlətçilik ənənəsi, öz tarixi torpaqları olan ölkələr olduğundan, heç nə edə bilmədi. Amma soyu bilinməyən, hansı millətdən törədiyi anlaşılmayan ermənilərin yaşadığı Ermənistanda Sorosun əməlləri baş tutdu. Ermənistan kimi oyuncaq bir dövlətin başına Paşinyan kimi qeyri-ciddi, qeyri-siyasi, marionet bir insanın gətirilməsi çox asan idi”.
Paşinyanın ipinin Qərb dövlətlərinin əlində olduğunu deyən A.X.Əbilovun sözlərinə görə, təkcə Paşinyanın deyil, indiyə qədər olan bütün Ermənistan rəhbərlərinin ipi ya Rusiyanın, ya ABŞ-ın, ya da Fransanın əlində olub. “Paşinyan sosial mediadan çox gözəl istifadə edən bir adam kimi hakimiyyətə gəldi, amma siyasi hakimiyyət sosial şəbəkə, sosial media olmadığı üçün, onu idarə edə bilmədi, özünü gülünc vəziyyətə, gülüş obyektinə çevirdi. O, hakimiyyətə gəldikdən sonra Ermənistanda bəzi siyasi hadisələr baş verib, mitinqlər, ölən əsgərlərin analarının çıxışı, siyasi rəqiblərinin həbsi, seçkilərin saxtalaşdırılması və sair yaşanıb. Paşinyan o qədər siyasi cəhətdən naşıdır, idarəçiliyi bilmir ki, onun komandasının üzvləri üç aydan, altı aydan çox onunla işləyə bilməyib istefa verirlər. Paşinyanın bir siyasətçi kimi naşı, gülüş doğuran çıxışları, hərəkətləri, atdığı addımlar, başqa ölkələrin dövlət başçılarına yersiz zəngləri onun qeyri-ciddi obrazının yaranmasına gətirib çıxardı. Paşinyan hakimiyyətlə sosial şəbəkəni səhv salır və Baş nazir olaraq da özünü “sosial şəbəkə qəhrəmanı” kimi aparır, bu da onu anekdot qəhrəmanına çevirir.Yəni, haqlı olaraq, sosial şəbəkə istifadəçiləri və bir çox insan onu bir lətifə, anekdot personajı kimi qəbul edir. Paşinyan bir kukla kimi hakimiyyətə gətirilib. Hakimiyyəti idarə etməyi bacarmayan, siyasətdən xəbərsiz olan Paşinyanın hər bir siyasi və qeyri-siyasi hərəkəti, çıxışı onunla bağlı yeni lətifə yaranmasına səbəb olur” – deyə A.X.Əbilov vurğuladı.
İradə SARIYEVA

