Azərbaycanda şəhid ailələrinə dövlət qayğısı

Son vaxtların mürəkkər planetar prosesləri və onlara uyğun həyata keçirilən cavab təcrübəsi deməyə əsas verir ki, təbii fəlakət, düşmənin hərbi təxribatları kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılır. Bu məsələlər şəxsən möhtrəm Prezidentimiz İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Ölkə başçısı hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd kimi qoyur.
Dövlət başçısının xüsusi diqqət və qayğısının nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə gərgin mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların məhsuldar fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrilib. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş milyona yaxın soydaşımıza, eləcə də şəhid ailələrinə dövlət qayğısının göstərilməsi hər zaman Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilib. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Ulu Öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanun məhz Heydər Əliyevin 1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilib. Bütövlükdə götürəndə, Ümummilli Liderimiz Heydər Əliyevin apardığı uğurlu daxili siyasətdə şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur.
Sonralar Prezident İlham Əliyev tərəfindən bu geniş siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər o istiqamətdə görülən işlər buna əyani sübutdür. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman məhz ölkəmizinişıqlı inkişafı, dövlət müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələri ilə bağlı oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Şəhid ailələrinə birdəfəlik yardım göstərilir: hər ailəyə 11 min manat olmaqla pul vəsaiti ödənildi. Şəhid ailələri dövlət hesabına ev, fərdi mənzil, şəxsi nəqliyyat vasitəsi ilə təmin edilir. Statistik məlumatlara görə, indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib.
Hər zaman olduğu kimi, müstəqil Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
2020-ci ilin yayındakı Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində əməli addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna xüsusi tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.
Əlbəttə, dövlətimiz tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən hər zaman rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Sosial problemləri həll olunduqca, rifah halı yüksəldikcə, vətəndaş dövlətinə daha çox güvənir, ölkəsinin güclənməsinə o da töhfəsini vermək istəyir. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalıq, sarsılmaz bağlılıq yaradır.
Məhz bu sadalanan amillərə görə şəhidlik müqəddəs amal kimi gənc nəslin yaddaşına həkk olunur. Gənc nəslin nümayəndələri son illər fərari, hərbi xidmətdən yayın zəiflər kimi deyil, döyüşlərdə ön cəbhədə qəhrəmanlıq Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi ad-san sahibi olmağa, şücaət göstərən igidlər kimi tanınmağa meyillidirlər.
Şəhid ailələrin üzvləri bu istiqamətdə, yəni gənclərimizin arasında hərbi-vətənpərvərlik hisslərinin güclənməsinə öz töhfələrini verirlər. Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi olaraq biz də hər zaman bu məsələlərə xüsusi önəm vermişik. Fəaliyyətimizin əsas istiqaməti kimi o yöndə layihələr həyata keçirməklə yeni nəsil nümayəndəlirini Vətənə sevgi, Milli Orduya sayğı, xalqa dəyər verməyə səsləmişik.
Almaz Zeynalova,
Şəhid Ailələrinə Sosial Dəstək
İctimai Birliyinin sədri,
publisit, şəhid ailəsinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir