Mehdiyev unutmasın ki, prezidenti olduğu akademiyanın yaradıcısı Mir Cəfər Bağırovdur-Adıgözəl Məmmədov
Tarixə və tarixi şəxsiyyətlərə qərəzsiz və ədalətli münasibət sərgiləməyi bacarmayanın – istər tarixçi-alim, istərsə də titulları saya gəlməyən dövlət xadimi olsun, – təkcə müasirlərinin deyil, həm də tarixin özünün mühakiməsi ilə üzləşəcəyi danılmaz faktdır.
Ramiz Mehdiyev “Tənqidlə böhtanı səhv salanlar, yaxud ötən yazılarımın izi ilə…” məqaləsində ölkədə ziyalılığın və ziyalıların vəziyyəti məsələsinə obyektiv yanaşmağa, problemin həqiqi köklərini anlamağa çağırıraraq qeyd edir: “M.C.Bağırovun şəxsi ədavətinin qurbanı olanlar istisna olmaqla, qətlə yetirilənlərin böyük əksəriyyətini Xalq Cümhuriyyəti dövründə və onun yaranması ərəfəsində yaşayıb-yaratmış ziyalılar təşkil edib. Bu seçim təsadüfi deyildi. Çünki, Qırmızı imperiya üçün müstəqilliyin dadını görmüş, milli təfəkkürün, azad fikrin nə olduğunu bilən, şəxsi mövqeyi olan ziyalılar olduqca təhlükə mənbəyi idi. Ona müasir kompüter texnologiyasının dili ilə desək, rejimin ideyalarına, idarəçilik fəlsəfəsinə uyğun format edilmiş, bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər gərək idi”.
- onu bildirmək istəyirik ki, akademik Ramiz Mehdiyevin nəinki bu yazısı ilə, demək olar ki, onun bütün kitabları ilə tanışıq, hətta bir neçə kitabını təhlil etmişik. Bu təhlilər zamanı akademikin qələmə aldığı əsərlərə qiymət verərkən, onun nəzərdən qaçırdığı və ya diqqət vermədiyi çatışmazlıqları da göstərmişik. Obyektivlik naminə qeyd etmək istərdik ki, o, göstərdiyimiz bir çox irad və çatışmazlıqlarla razılaşmışdır. Yəni, tarixi hadisəni və ya tarixi şəxsiyyəti tədqiq etmək üçün onun keçmişini və həyat yolunu o dövrün reallığına uyğun analiz etmək lazımdır. Bu baxımdan, istənilən dövrün gerçəkliyi mütləq şəkildə nəzərə alınmaıdır.
Sovet tarix elmi şəxsiyyətin bu və ya digər xalqın, dövlətin taleyinə, hətta dövrün, hadisələrin gedişatına təsirini qəbul etmir, hər vəchlə kütləvi ideologiyanı önə çəkirdi. Həmin tarixə sağlam prizmadan baxılanda, xüsusilə məxfi arxivlərdəki materiallarla tanış olanda, biz tarixə bu cür(kütləvi ideologiya kimi)yanaşmanın nə qədər əsasız və zərərli olmasını gördük. Tariximizə və tarixi şəxsiyyətlərimizə maraqlı meyli ilə seçilən R.Mehdiyevin M.C.Bağırovun şəxsiyyətinə və fəaliyyətinə verdiyi qiyməti (şəxsi ədavətçi damğası vuraraq) də yuxarıda vurğuladığımız sovet təfəkkürünün məhsulu hesab edirik. Yerli və xarici arxivlərdə M.C.Bağrovla bağlı sənədlərlə tanışlıqdan sonra bir daha əmin olursan ki, O, Böyük Azərbaycan dövlətinin yaradılmasının aşiqi, Vətəninə, dövlətinə nə qədər bağlı adam olub. Məhz bu bağlılığa görə, Böyük Azərbaycan layihəsinin müəllifi kimi sonradan onu millətçi kimi ittiham edəcəkdilər…
Doğrudan da sonrakı mərhələlərdə M.C. Bağırovun milli təəssübkeşliyi ona qarşı ittihamların əsasını təşkil etdi. Bunu bariz şəkildə Azərbaycan Kommunist Partiyasının 1954-cü il fevral ayının 12-də keçirilən qurultayının protokollarında görürük. Məsələn, Azərbaycan KP MK-nın ikinci katibi Vitali Səmədov M.C.Bağırova qarşı hücuma keçərək onu aşağıdakı şəkildə ittiham edirdi:
“Bağırov bizə tapşırırdı ki, orta məktəb dərsliklərində Mikoyanın adı çəkilməsin, Partiya İnstitutu Şaumyanın adı ilə çağırılmasın. O, Serqo Orconikedze barədə qərəz və kinayə ilə danışırdı”. Bu, həmin Serqodur ki, Dağlıq Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana verilməsinə tətəf çıxaraq, buna qarşı duran Nəriman Nərimanovu bir müddət sonra real siyasi hakimiyyətdən uzaqlaşdırmağa nail oldu. Yaxud, həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərov M.C.Bağırovun əlinin çörəyini yemiş Məmməd İskəndərovla səs-səsə verərək, erməni mənşəli Astvatsaturovu- “Orconikidze-neft”in keçmiş rəisini, Mravyanı-“Stalinneft” trestinin keçmiş rəisini, Ter-Minasovu – “Buzovnaneft”in keçmiş baş mühəndisini Azərbaycandan qovduğuna görə M.C.Bağırovu ittiham edirdilər. Sanki Mikoyana xoş gəlmək üçün bu insanlar yarışa girmişdilər. Çünki, Mikoyanın görən gözü, eşidən qulağı A.Sarkisov qurultayda DQMV-nın nümayəndəsi kimi iştirak edirdi. Öz çıxışında respublikanın azərbaycanlı siyasi rəhbərliyinə irad tutan bu adam qurultayda aparılan müzakirələri istiqamətləndirirdi. Misal üçün, A.Sarkisov deyirdi:
“1952-ci ildə Bağırovun təklifilə Azərbaycan KP MK-nın bürosu Marksizm-Leninizm İnstitutlarında tədrisin ermənicə aparılmasını ləğv edib, Bakıda, Kirovabadda, Naxçıvanda, Stepanakertdə tədrisin ancaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimə parlaq sübutdur”.
MK-nın elm və mədəniyyət şöbəsinin müdiri H.Həsənovun çıxışını oxuduqca, onun sağlam azərbaycanlı şüuruna sığmayan fikirlərinə görə xəcalət çəkməli olursan. Görün o, çıxışında nə deyirdi:
“Bağırov Azərbaycan tarixi dərsliyindən Mikoyanın, Orconikidzenin, 26 Bakı komissarının adlarını çıxarmaq barədə göstəriş verməklə kifayətlənmirdi. Şəxsən öz əli ilə bu adların üstündən xətt çəkirdi. Yadımdadır, mənim iştirak etdiyim yığıncaqda Bağırov həmin dərsliyi hazırlamış müəlliflərin üstünə çığırdı ki, nə üçün onun göstərişlərinə əməl edilməyib, həmin adlar dərslikdən çıxarılmayıb?”.
Yaxudda 12 iyul 1953-cü il tarixli Bakı plenumunun stenoqramına baxdıqda (siyasi partiyalar və ictimai hərəkatlar Dövlət Arxivi f1, q.39, iş.18), M.C.Bağırovun başına gəlmiş hadisələrin təfsilatından daha ətraflı xəbər tuturuq (Bakıdakı plenumu Xruşşovun Moskvadan göndərdiyi emissarı, Sov.İKP MK-nın şöbə müdiri P.N.Pospelov və onun rəhbərliyi altında olan T.Yaqubov aparırdı).
Uzun illər təhlükəsizlik orqanlarında işləmiş M.C.Bağırov tərəfindən önə çəkilmişTeymur Quliyevin çıxışı(Yeri gəlmişkən nəvəsi Sizin toy məclisinin başında oturmuşdu):
– Mir Cəfər Bağırovun burada bir sifəti, plenumda isə digər sifəti vardı. Mənim şəxsən şahidi olduğum faktı Bağırov Moskva plenumunda inkar etdi. O, bizim yanımızda Beriyaya zəng etdi, ancaq plenumda ona bu barədə sual veriləndə, belə bir zəngin olmadığını söylədi.
- mən soruşuram: Yoldaş Bağırov, siz niyə Moskva plenumunda baş-qa bir adam idiniz? Mən bunu ürək ağrısı ilə sizdən soruşuram. Ona görə qeyd edirəm ki, Mərkəzi Komitə ölkəmizin belə məsuliyyətli anında düzgün olaraq M.C.Bağırova etimad göstərmir. Yaxşı başa düşürəm, iki-üç gün gərgin atmosferdə insan özünü itirə bilər. Ancaq sonradan özündə güc tapmaq, partiyaya kö¬mək etmək olardı. Ancaq siz Beriyanın keçmişi barədə heç nəyi ya¬dınıza sala bilmirsiniz.
Bax bu, dəhşətlidir!
Burada Ramiz müəllimin nəzərinə çatdırmaq istəyirik ki, yuxarıdakı üzəduranlar dəstəsindən fərqli olaraq sizin təbirinizcə desək, “bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər” elə o dövrdə də , öz sözlərin deyib mövqelərin bildiriblər .
Məsələn, 1953-cü ilin 18 sentyabrında Azərbaycanın daxili işlər naziri Quskovun Azərbaycan KP MK-nin birinci katibi Yaqubova göndərdiyi məxfi məktubda bunu aydın görmək olar.
Siyasi partiyalar və ictimai hərəkatlar Dövlət Arxivi F. 1, Siy. 39, İş. 181
Tam məxfi.
Azərbaycan KP MK-nın katibi
Yoldaş T.A.Yaqubova
Moskvada incəsənət işçilərinin müşavirəsində Azərbaycan SSR numayəndələri iştrak edirdilər. SSRİ DİN-in məlumatına görə, rejissor Fridin evində söhbət zamanı Azərbaycan SSR numayəndədləri Bagırovun vəzifəsindən azad olunması ilə əlaqadar aşagıdakı fikirləri bildiriblər:
Kompozitor Niyazi:
“Əqər bizim ağsaçlı qvardiyamız bir qədər intizamlı olsaydı, onda P.N.Pospelovun arxasınca qetməzdi, onda o, (P.N.Pospelov) məcbur olub Bakıdan velosipedlə qayıtmalı olacaqdı, çünki ona heç kim dəmiryol bileti satmazdı”.
Kinorejissor İsmailov:
“Belə asanlıqla Bagırovu hesabdan silmək olmaz. Bagırov hamı uçun doğma olmuşdur və yaddaşlarda belə də qalacaqdır. Yoldaş P.N.Pospelovun ittihamı əsassızdır. Bagırov həmişə öz ünvanına deyilənlərin əksinə çıxırdı”.
Kinorejissor Tagızadə:
“Bagırovu işdən azad etmək olar, lakin Bagırovsuz ölkədə neft olmayacaq, Bagırovsuz Bakı olmayacaq. Bagırovu işinə bərpa edəcəklər”.
Məlumat uçun sizə bildirirəm.
Azərbaycan SSR
Daxili işlər naziri Quskov
Burada Ramiz müəllimin nəzərinə çatdırmaq istəyirik ki, sizin təbirinizcə desək, “bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər” erməni ədəbi- siyası elitası ilə daim mübarizə aparmiş, milli mənafeimizdən bir addım da geri çəkilməmişlər. Buna misal olaraq M.Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı ilə bağlı yazışmaya nəzər salaq. 1946-cı ildə Ermənistan Dövlət Nəşriyyatı Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabını nəşr edib. Ermənistanda və Moskvada ermənilər və ermənipərəstlər tərəfindən rəğbətlə qarşılanan bu kitabın Azərbaycanda da oxucuları az olmamışdır. Bəziləri “əsərdə tarixi hadisələr və faktlar kobud şəkildə təhrif olunur” desələr də, etiraz səslərini qaldırmayıblar. Yalnız Mircəfər Bağırov susa bilməyib və Marietta Şaginyanın daşnak baxışlarını alt-üst edib.
M.C.Bağırovun 1947-ci il iyulun 27-də Kremlə, ÜİK(b)P MK-nın katibi A.A.Jdanova göndərdiyi rəs¬mi məktubunu bütünlüklə oxucuların diqqətinə veririk:
“1946-cı ildə Yerevanda Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı nəşr edilib. Məlumat verməyi zəruri sayırıq ki, bu kitabda çoxlu sayda kobud siyasi səhvlərə yol verilib, tarixi həqiqətlər təhrif edilib. Mahiyyət etibarı ilə kitab Sovet Zaqafqaziyası xalqlarına şər-böhtanla doludur.
Bunun təsdiqi kimi bir neçə xarakterik seçməni diqqətinizə çatdırırıq:
1927-ci ildə qələmə aldığı “Sevan gölü” oçerkində müəllif Sovet Zaqafqaziyası xalqlarını tarixi baxımdan yorulmuş, qocalıb əldən düşmüş, məhvə məhkum olunmuş kimi təsvir edir:
“Zaqafqaziyalılar – qədim, yorğun, ömrünü başa vurmuş, min illərdən sonra sümükləri nazilmiş və ətrafları zəifləmiş bir xalqdır. Bu həqiqət qədim, narahat keçmişindən yorulmuş xalq olan ermənilər üçün də keçərlidir. Günəşin istisindən və tarixi qocalıq ucbatından buradakı tənbəllik malyariya xəstəliyi kimi yoluxucu və güclüdür. Heç kim könüllü şəkildə bədən tərbiyəsi ilə məşğul olmur. Amma mütləq balaca ordu, təlimlər, manevrlər, düşərgə həyatı, marş-paradlar, yaxınlıqda isə təbilin sədaları altında pioner yürüşü – bütün bunlar ermənilərdən ötrü bir növ xəstə bellərinə bağladıqları qalın kəmər rolunu oynayır”. (s.128)
İnqilabdan neçə illər keçsə də, Şaginyan Zaqafqaziyanın hər tərəfində yalnız xarabalıqlar, geridə qalmış, vəhşi həyat görür. Misal üçün, Şaginyanın fikrincə, “1926-cı ildə Dağlıq Qarabağ yiyəsiz, dağıdılmış kasıb bir ölkəni xatırladır. Burada qazanc çox aşağıdır, kənd təsərrüfatı heç bir gəlir gətirmir, acından ölməkdən qorxan kəndlilər isə şəhərlərə qaçırlar”.
Dağlıq Qarabağın keçmişini, erməni təhkimliləri – məliklər dövrünü isə M.Şaginyan xüsusi şövqlə və məhəbbətlə təsvir edir. Erməni məliklərini-mülkədarlarını bu torpağın ağıllı, alicənab sahibləri kimi tərifləyib göylərə qaldıran və ideallaşdıran Şaginyan yazır:
“…Bu məliklər xəyalpərəst və qürurlu gürcü knyazlarına bənzəmirlər. Doğma Qarabağına qayıdan yüksək çinli yaşlı erməni əynindəki Nikolay şinelini çıxarıb, xırmana baş çəkir, taxıldöyəni işlədir, gecələr də hamı kimi Qarabağın köhnə “qara damında” yatır (pəncərəsiz, yalnız baca yeri olan qara koma). (s.226) Yəni, generalın təmiz yatağında…”
Dağlıq Qarabağı “erməni ölkəsi” (s.224), “Ermənistanın zadəgan parçası” (s. 225) elan edən Şaginyan hansı səbəbdənsə erməni-azərbaycanlı davasını yada salmağı lazım bilir. Müəllif o davanı dağıntıların qalıqları, guya Şuşanın erməni məhəlləsində “hansısa xəndəkdə” (s.254) öz gözlərilə gördüyü “qara qana bulaşmış qadın saçları” (s.254) ilə bəzəyir.
Qarabağda azərbaycanlılarla ermənilərin münasibətlərini təsvir eləyən Şaginyan onları qarşı-qarşıya qoyur, tarixi həqiqətləri təhrif edir, “ermənilərin ölkənin kasıb iqtisadiyyatını qanları bahasına dirçəltdiyini”, azərbaycanlıları da “sürətli mədəni inkişafa” (s.252) cəlb etdiklərini sübuta yetirməyə çalışır.
Azərbaycanlıların ünvanına belə təhqiramiz ifadələrlə kifayətlənməyən müəllif daha sonra onların Dağlıq Qarabağın iqtisadiyyatında mənfi rol oynadıqlarını iddia edir. Şaginyan Dağlıq Qarabağda maldarlığın zəifləməsinin səbəbini “köçəri-müsəlmanların” iranlılarla tamahkar ticarət sövdələşmələrinə getməyində görür. Guya onlar İrandan “xəstəliyə yoluxmuş heyvanları” gətirərək, bununla da Dağlıq Qarabağda sağalmaz taun xəstəliyini yayıblar.
Azərbaycan xalqına gerilik və kobudluq xüsusiyyətlərini “yapışdıran” Şaginyan onun mədəni tarixinə aid faktları da təhrif edir. Şaginyanın iddiasına görə, XVI əsrin dahi Azərbaycan şairi Füzuli öz əsərlərini yalnız ərəb dilində yazmışdır (s.292). Hamıya məlumdur ki, Füzuli Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətləri ilə məşhurdur və özünün yalnız bir neçə elmi əsərini ərəb dilində qələmə almışdır.
Şaginyanın qənaətinə görə, Azərbaycan aşıqları və xanəndələri azərbaycanlı sənətkarların deyil, fars şairlərin qəzəllərini oxuyurdular (s.253). Azərbaycanlı aşıq və xanəndələrin yaradıcılığının Azərbaycan poeziyası ilə sıx bağlı olduğu, onların heç vaxt fars dilində mahnı və qəzəl ifa etmədikləri danılmaz həqiqətdir.
Müəllifin çadra ilə bağlı düşüncələri isə Azərbaycan qadını üçün olduqca ürəkbulandırıcı və təhqiramizdir.
“Çadra ehtiras yaradan atributdur. Onun formasız qara rəngi, örtüyə bürünmüş bədənin qırçınlar altında zəif tərpənişi – əsrlər boyu beyinlərə yeridilmiş son dərəcə mürəkkəb kompleksdir. Bədənin çadra altındakı hərəkətində heyvanın atavist davranışının müəyyən əlamətləri sezilir. Yəni, zəif cinsi təpikləmək və tapdalamaq tələbatı, heyvani sahiblik hissi – mənimkidir, deməli, gizli, qapalı, bürünmüş olmalıdır. Bu isə heyvana xasdır və Zaqafqaziya xalqları arasında geniş yayılmış homoseksualizmin psixoloji yöndən əsaslandırılmasıdır” (s.257).
Daha sonra: “Əgər adam evin ən böyük sərvətidirsə, deməli, müsəlman daha çox uşağa sahib olmalıdır. Arvadların sayı məhz uşaq doğuşlarını artırmaqla bağlıdır. Eyni prinsipə çoban sürünün sayını artırmaq üçün əməl edir!” (s.257)
Bunlarla yanaşı, Şaginyanın Avropanın və Amerikanın qarşısında yaltaqlığını və qulluq göstərməyini xüsusi qeyd etmək lazımdır. Dağlıq Qarabağın təbii sərvətlərindən danışarkən, onları Amerikanın təbii sərvətlərilə müqayisə edən müəllif yazır:
“Pulsuz elektrik enerjisi, istifadəsız qalmış insan enerjisi, meşələrin çoxluğu və ölkənin bənzərsiz kurort göstəriciləri. Bütün bunlar bir-birinə uyuşub və yanaşı durublar. Bunları görən amerikalı qibtə hissi ilə belə deyərdi: “sadalananlardan bəziləri bizdə də var. Varlı Qərb ştatlarında, şiş qayalı dağlarda: ecazkar təbiət, hava, meşə, havayı enerji. Amma orda ən başlıcası yoxdur, o olmadan isə ölkəni canlandırmaq, onu gerilikdən və vəhşilikdən çıxarmaq çox çətindir”.
Ən başlıca nədir? Pul? Axı amerikalıların pulu kifayət qədərdir. Yox, о, başqa cavabı verərdi və həmin cavab bizim üçün gözlənilməz olardı: “artıq bir nəfər yoxdur ki, işin başına keçsin”. Məhz həmin “artıq” adamlar, işləməyi arzulayanlar Qarabağda kifayət qədərdir” (s. 228-229)
Özünün Dağlıq Qarabağa səyahəti zamanı hər şeyin yaxşı və xoşagələn olduğunu yazan müəllif beynində Avropada gördükləri hər şeylə assosiasiya yaradır. “Avropanın yumşaq yağışı. Belə yağışlar Avropanın orta zolağında, Bavariya İsveçrəsində, Tirolda, Avstriyada olduğu kimi, Dağlıq Qarabağda da tez-tez qəmli, ildırımsız yağır və tez də kəsilir”.(s.255). “Torpağın mədəniyyəti öz əksini nəfəsin təmizliyində tapır. Bu hal az qala saflaşdırılmış havası olan Avropada xüsusilə nəzərə çarpır” (s.227).
Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabından bunlara bənzər çoxlu misallar gətirmək mümkündür. Sadəcə “Erməninəşr”in əksəriyyəti 20-25 il bundan əvvəl yazılmış bu oçerkləri 1946-cı ildə təzədən çap eləməsinin səbəbi aydın deyil. Görünür, bu işi ifşa olunmuş xalq düşmənlərinin – azərbaycanlı, erməni və gürcü millətçilərinin güclü təsiri altında yerinə yetiriblər. Bu isə mahiyyət etibarı ilə anqlosaksların, eləcə də Vətənimizin digər düşmənlərinin sovet xalqlarının əleyhinə apardıqları murdar şər-böhtan və təxribatçı əməllərindən heç nə ilə fərqlənmir.
Bu kitabın satışdan yığışdırılmasını zəruri hesab edirik.
Əlavə: Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı”.
Bütün bunları M.C.Bağırov Ramiz Mehdiyevin təbirincə desək ,“bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər” komandası ilə edirdi.Ramiz Mehdiyevin təbirincə desək ,“bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər”in sonradan Azərbaycan dilinin dövlət dili kimi qurumlarda tətbiqinə dair iradələrinə qarşı təqib olunduqlarından hər halda akademik xəbərsiz deyildir. M.C.Bağırov Stalini inandırmışdı ki, azərbaycanlılar olmadan mərkəzi Tehran hakimiyyətinə təsir etmək mümkün deyil. Təsadüfi deyil ki, M.C.Bağırovun başçılığı altında görkəmli elm xadimi, dövlət adamı Əziz Əliyevlə başlanmış və 1942-ci ildə Moskva tərəfindən dondurulmuş Cənubi Azərbaycan layihəsi “bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər”in dəstəyi ilə 1944-cü ildə yenidən işə salındı. S.C.Pişəvərinin başçılığ edəcəyi Azərbaycan Demokrat Partiyasının yaradılması da bu dövrə təsadüf edir. Tam qətiyyətlə deyə bilərəm ki, Cənubi Azərbaycan lahiyəsinin müəllifi əvvəldən axıra qədər M.C.Bağırov və “bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər” olmuşdur. Məhz həmin günlər Stalinə göndərdiyi məktubunda M.C.Bağırov qeyd edirdi:
“Azərbaycanlılar Ərdəşir Avanesyanın başçılıq etdiyi Tudə Partiyasında birləşə bilməyəcəklər. Burada rəhbər şəxsin erməni olması azərbaycanlıları bu partiyadan uzaq salıb. Hesab edirəm ki, Tehran hakimiyyətinə təsir etmək üçün azərbaycanlılardan ibarət yeni bir siyasi güç yaratmaq lazım gələcəkdir”. İnanın, təkcə bu cümlə ilə Bağırov həm azərbaycanlıları gözlənilən deportasiyadan qoruyur, həm də Azərbaycan amilinin önəmini geosiyasi güc kimi Stalinin diqqətinə çatdırırdı. Cənubi Azərbaycandakı hərəkat məğlub olsa da, M.C.Bağırov çıxışlarında, kitablarında həmişə Cənubi Azərbaycan məsələsini qoyurdu. O, bu məsələdə hətta Stalinlə də razılaşmırdı.
1950-ci ildə M.C.Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabı çapdan çıxdı. O, kitabın 30-cu səhifəsində yazırdı: “Ümumdünya miqrasiya prosesində Azərbaycan tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüzə və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdiriblər. Buna baxmayaraq, Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və doğma dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib.
Amma İranda fəaliyyət göstərən irticaçı qüvvələr Cənubi Azərbaycanda milli dili məhv etmək siyasətini həyata keçirirlər. Azərbaycan dilində oxumaq və təhsil almaq qadağan olunub. Azərbaycan dilində yazılmış kitablar yandırılır, onların müəllifləri isə təqib olunur. Lakin, onlar öz çirkin məqsədlərinə nail olmayacaqlar. Azərbaycan dili özünü daim qoruyub saxlamaq hüququna malikdir. O, yaşayır və yaşayacaqdır”.
Bir də, yoldaş Mehdiyev unutmasın ki, prezidenti olduğu akademiyanın yaradıcısıda Mir Cəfər Bağırovdur.
M.C.Bağırov SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müstəqil Elmlər Akademiyası kimi for¬malaşdırılmasına dair Moskva ilə danışıqların aparılmasını H.Hüseynova tapşırmışdı. Bu yerdə onu da qeyd etmək istəyirik ki, yeni yaradılan Azərbaycan Elmlər Akademiyasının ilk akademikləri sırasında xalqımızın böyük oğulları, cəfakeş alimləri cəmləşmişdi. O cümlədən, hörmətli alimimiz, akademik Həsən Əlirza oğlu Əliyev də milli akademiyanın yaradıcılarından biri idi. Həsən müəllimin oğlu Rasim Əliyev atasının ona söy-lədiyi xatirələrə əsasən “Lider” telekanalına müsahibəsində bunları deyir: “Atam bir gün M.C.Bağırova yaxınlaşaraq ona deyir ki, Ermənistan və Gürcüstanda astrofizika rəsədxanaları mövcuddur. Belə bir rəsədxananın Azərbaycanda da yaradılması astrofizika elminin inkişafı ilə bərabər, sinoptik qeydlər aparmaqla kənd təsərrüfatının inkişafına təkan verərdi. M.C.Bağırov Həsən müəllimin bu təklifini yüksək qiymətləndirərək, Azərbaycanda rəsədxa-nanın inşasını təşkil etmək üçün birbaşa Stalin səviyyəsində mə¬sələni həll edir. Həsən müəllimin təklifinə əsasən, rəsədxana Şamaxı dağlarında yerləşdirilir. M.C.Bağırov tikinti kompleksinə rəhbərliyi də Həsən müəllimə həvalə edir. Mütəxəssislərin qeydlərinə görə, Şamaxı rəsədxanasının optik linzaları öz fiziki-kimyəvi göstəricilərinə görə, indi də bir çox rəsədxanalardan üstündür. Yeni yaradılmış Azərbaycan Elmlər Akademiyasının prezidenti postuna koomunist partiyasının üzvü olmayan akademik Mir Əsədulla Mirqasımov seçilir.

