Məşhurların yas yerlərində kütləvi karantin qayda pozuntularına daha çox rast gəlinir…

Vətəndaş Cəmiyyəti Alyansı TK rəhbəri, www.yenimedia.net ictimai portal/Sosial TV həmtəsisçisi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Əlbəttə, tanınmış insanların ailə üzvləri özləri bu məsələdə xüsusi nümunə olmalıdırlar” Məlum olduğu kimi, ölkəmizdə pandemiyaya yoluxma hallarının azaldılması üçün toy, nişan, xınayaxdı, ad günü şənlikləri, ümumiyyətlə, qadağan olunub, yas mərasimlərində isə 10 nəfərdən çox olmayaraq insanın iştirakına icazə verilib. Çox təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bu qərarın icrasına bəzi vətəndaşlar laqeyd yanaşırlar. Ümumiyyətlə, bütün vətəndaşların riayət etməli olduğu bu qaydanı əksər halda tanınmış şəxslər və onların ailə üzvləri pozurlar. Tanınmış sənətkarların dəfn mərasimlərində kütləviliyin təmin olunduğunun şahidi oluruq. Pandemiya dövründə vəfat edən populyar şəxslərin dəfn mərasiminə yalnız ailə üzvləri deyil, ictimaiyyət də qatılır. Məsələn, pandemiyanın ilk dövrlərində dünyasını dəyişən Xalq artisti Rəfael Dadaşovun dəfn mərasimində yaşanan kütləvilik bu günlərdə koronavirusdan həyatını itirən 82 yaşlı Xalq artisti Teymur Mustafayevin də dəfn mərasimində yaşanıb. Halbuki, koronavirusdan vəfat edən şəxsin dəfn mərasimi dövlətin müvafiq qurumları tərəfindən xüsusi qayda ilə həyata keçirilir. Amma Xalq artisti Teymur Mustafayevin dəfn mərasimi belə təşkil edilmədi. Koronavirusdan vəfat edən T.Mustafayevin Cəlilabad rayonunda dəfn olunduğu məlumdur. Onu da bildirək ki, sosial şəbəkələrdə mərhumun dəfn mərasimindən paylaşılan fotoda 10-dan çox şəxsin iştirak etdiyi görünür. Sözügedən mənzərə müzakirələrə səbəb olub. Bu barədə dəfn mərasimində iştirak edən Əməkdar artist Yusif Mustafayev mətbuata bildirib ki, dəfndə sosial məsafəyə diqqət edilib, çox adam yox, hardasa 50 nəfər iştirak edib. Y.Mustafayev koronavirusdan dünyasını dəyişən xanəndənin ənənəvi qaydada dəfn edildiyini söyləyib: “Heç yas mərasimi olmadı, ancaq dəfn etdik, evə gəldik. Torpağa tapşırılması da ənənəvi qaydada oldu. Bizə belə dedilər. Molla dua oxudu, dəfn etdik. Yasda məndən başqa heç bir incəsənət üzvü iştirak etmədi”. Qeyd edək ki, bəzi saytlar yas yerində 80 nəfərin iştirak etdiyini, burada sosial məsafənin gözlənilmədiyini, hətta buna görə 5 nəfər mərasim iştirakçısının cərimələndiyini yazırlar. Ümumiyyətlə, populyar adamların ailə üzvləri dəfn mərasimlərini təşkil edərkən vəziyyətlə əlaqədar olaraq nümunə göstərməli, kütləviliyə qarşı çıxmalıdırlar. Amma təəssüf ki, biz bunları görə bilmirik. “…həm qanunvericiliyin, həm də karantin rejiminin pozulması baxımından qəbuledilməzdir” Məsələ ilə bağlı İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya, bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni yaşam tərzi diqtə edir. “Biz artıq yeni dövrün tələbinə uyğun yaşamalı, adət-ənənələrimizi buna uyğunlaşdırmalıyıq. Görürük ki, nəinki yas mərasimləri, eləcə də icazə verilməsə belə, nişan-toy mərasimlərinin də daha çox insanın iştirakı ilə keçirilməsinə səylər göstərilir. Bu da qanunvericiliyn, bir neçə normativ aktın pozulması deməkdir. Bilirsiniz ki, karantin dövründə həm Operativ Qərargah qərar verdi, sonra isə qanunvericilikdə dəyişiklik edilərək 10 nəfərdən artıq insanın bir yerə toplaşması ilə bağlı qadağa qüvvəyə mindi. Digər tərəfdən, yas, toy və digər mərasimlərin mövcud qaydalara uyğun təşkil edilməsi mümkündür. Yəni qanunvericilik on nəfərdən artıq insanın bir yerə toplanmasını qadağan edirsə, yas mərasimlərinin yalnız ailə üzvlərinin iştirakı ilə keçirilməsini tənzimləyir. Bu qanun varsa və Operativ Qərargah da elan edirsə ki, dəfn mərasimində iştirak etmək istəyənlər DİN-dən SMS-lə müvafiq icazə almalıdır, bu o demək deyil ki, minlərlə insan yas yerində iştirak etmək üçün icazə almalıdır. On nəfərdən artıq toplanmaya icazə verilmirsə, onda insanlar bu qadağanı nəzərə almalıdırlar. Bizim həyata keçirdiyimiz monitorinqlər və təcrübə göstərir ki, Azərbaycanda koronavirus daha çox toy, yas və şənliklərdə, insanların daha çox toplaşdıqları məkanlarda baş verir. Bizim insanlar bu mərasimlərdə bir-birilə qucaqlaşır, öpüşür, sosial məsafə saxlamır, maskadan isə istifadə etmirlər. Maskasız yas mərasiminə gedən qadınlar bir-birilə qucaqlaşıb öpüşdüyü, yaxın təmasda olduqları üçün, bir neçə rayonda koronavirus geniş yayılıb. Dünyada insanlar maska taxır, sosial məsafəni qoruyur, bütün etik normalara, qaydalara riayət etsələr də, Azərbaycanda təəssüf ki, belə deyil. Azərbaycan insanı düşünür ki, qucaqlaşıb görüşməsələr, yaxın təmas qurmasalar, bu, soyuqluq kimi qəbul ediləcək. Bu zaman çox isti, hərarətli görüşmənin şahidi oluruq. Xüsusən də bunu mərasimlərdə müşahidə edirik. İnsanlarımız bundan qaçmalıdırlar. Tanınmış insanların dəfn mərasimlərində 10 nəfərdən artıq insanın iştirakına gəlincə, bir neçə gün əvvəl dünyasını dəyişən Teymir əminin də, ondan əvvəl vəfat edən Rəfael Dadaşovun da dəfn mərasimində 10-dan artıq insanın iştirak etdiyinin şahidi olmuşuq. Çox təəssüf ki, pandemiya dövründə vəfat edən populyar şəxslərin dəfn mərasimində çoxlu sayda insanın iştirakı, hətta bunun jurnalistlər tərəfindən çəkilərək sosial mediada və digər yerlərdə yayılması həm qanunvericiliyin, həm də karantin rejiminin pozulması baxımından qəbuledilməzdir. Əlbəttə, tanınmış insanların ailə üzvləri özləri bu məsələdə xüsusi nümunə olmalı və bunu sadə insanlara da göstərməlidirlər. Sadə insanlar görsünlər ki, populyar adamların dəfn mərasimlərində ailə üzvlərindən və molladan başqa heç kəs iştirak etmir, bu halda onlar da dəfn mərasimlərini bu cür keçirəcəklər. Yəni dəfn mərasimində onlarla insanın iştirakına yol verməyəcəklər” – deyə A.X.Əbilovun sözlərinə görə, yas mərasimində kütləvilik yığışdırılmalıdır. “Operativ Qərargahın qərarı varsa, biz ictimai xadimlər də, tanınmış insanlar da bu qərara uyğun yeni yaşam tərzinə uyğunlaşmalı, mərasimlərimizi bu qərara uyğun təşkil etməliyik. Biz yeni dünyagörüşü, yeni həyat tərzi formalaşdıraraq xalqımıza təqdim etməliyik ki, xalq da bundan istifadə etsin. Yoxsa, günü-gündən epidemiya geniş vüsət alacaq və dünya bizə qeyri-ciddi bir xalq kimi baxacaq” – deyə A.X.Əbilov vurğuladı. İradə SARIYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir