Navalnının son vəziyyəti haqda açıqlama
Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi günlərdir komada olan Aleksey Navalnının vəziyyətini dəyərləndirib.
O, bu cür halların çox tez-tez baş verdiyini qeyd edərək sözlərinə belə davam edib: “Bir qayda olaraq, bunlar həm insult, həm də kəskin koronar sindromla, eyni zamanda qan dövranının aritmogenik tutulması ilə əlaqələndirilə bilən, öz-özünə bərpa olan, lakin ağır hipoksiyaya yol açan koma vəziyyətləridir”.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü.
Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko Navalnının analizlərində heç bir zəhər tapılmadığını açıqlamışdı: “Qan və sidikdə zəhər və onun izləri müəyyən edilməyib”.
Lakin “Şarite” klinikası avqustun 24-də rus müxalifət liderinin zəhərləndiyini təsdiqləmişdi. Qeyd olunmuşdu ki, hazırda həmin klinikada süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb.